AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Xalq Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir. 
   Muzeydən bildiriblər ki, Qarabağ xalça məktəbinə məxsus xalça 1918-ci ildə Azərbaycan hökumətinin dəvəti ilə bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın qarşısını almaq üçün gələn türk ordusuna minnətdarlıq əlaməti olaraq toxunub.
   Xalça 1916-cı ildə çəkilmiş bir fotoşəkil əsasında hazırlanıb. Fotoşəkil xalçanın əsas mərkəzi hissəsinə həkk olunub. Üzərindəki mətnə əsasən isə “Cənabi-möhtərəm Ənvər bəy əfəndi”, “Cənab Şevkət Paşa həzrətləri”, “Cənab Yusif İzzətdin” və “Sultan V Məhəmməd Rəşad xan həzrətləri”nin fotoları verilib.
   Xalçanın haşiyələrindən birinə şeir, digər haşiyəyə isə Qarabağın məşhur nəlbəkigülü toxunub.
   Xalça Azərbaycan etnoqrafiyasının və XX əsrin əvvəllərində Azərbaycan-Osmanlı əlaqələrinin tədqiqi üçün əhəmiyyətli eksponatdır.