Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Marketinq və kommunikasiya departamentinin əməkdaşı Seyran Cəfərlinin Belçikanın paytaxtı Brüsseldə fərdi sərgisi açılıb.
   UNEC-dən bildirilib ki, Brüsseldə yerləşən Avropa Karikatura Mərkəzinin dəstəyi ilə təşkil olunan sərgidə S.Cəfərlinin beynəlxalq müsabiqələrdə uğur qazanmış 130-dan çox karikaturası nümayiş etdirilib. Böyük maraqla izlənilən karikaturalar əsasən sosial və ekoloji mövzulara həsr olunub.
   Sərgi aprelin 8-dək davam edəcək.
   Yaradıcılıq fəaliyyətinə 1982-ci ildə “Kirpi” jurnalında başlayan S.Cəfərli 40-dan çox beynəlxalq karikatura müsabiqəsinin münsiflər heyətinin üzvü olub. Onun beynəlxalq karikatura müsabiqələrində bir çox əsərləri sərgilənib və albomlarda dərc edilib. Rəssam dəfələrlə beynəlxalq mükafata, o cümlədən BMT-nin xüsusi mükafatına layiq görülüb. Belçika, Türkiyə, Fransa və İranda fərdi sərgiləri təşkil olunub.