Şimal bölgəsinə qarın yağması bölgəyə gələn turistlərin sayına təsir edib. Son günlər Qusar rayonuna adi günlərlə müqayisədə bir neçə dəfə çox turist gəlib.
   Qusar Turizm İnformasiya Mərkəzindən bildirilib ki, rayondakı hotel və qonaq evlərinin 90 faizi əvvəlcədən sifariş edilib. Yerli turistlərin sayının çoxalmasına səbəb rayonun ağ örpəyə bürünməsi ilə yanaşı, hazırda təhsil müəssisələrində qış tətilinin olmasıdır.
   Qeyd olunub ki, rayona gələn əcnəbi turistlər arasında Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olanlar üstünlük təşkil edir. Xarici qonaqlar ekoturizmə daha çox maraq göstərirlər. Havanın qarlı olması səbəbindən hələ yaxın bir neçə gündə də bölgəyə turist axınının olacağı proqnozlaşdırılır. 
   Rayon ərazisindəki Şahdağ Turizm Mərkəzinə gələn qonaqların sayında da artım müşahidə olunur. Turizm mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, kompleks həftəiçi hər gün 600-1000 arası qonaq qəbul edir. Şənbə-bazar günlərində isə bu rəqəm 2500-3500 nəfərədək yüksəlir.