Mingəçevir respublikamızın turizm potensialı böyük olan şəhərlərindən biridir. Şəhərə gələn turistlər artıq yeni məkanda - Kür çayındakı adada da istirahət edə biləcəklər.
   Bu məqsədlə ərazidə işlərin görülməsinə başlanılıb. Şəhərdə fəaliyyət göstərən “Riverside” hotelinin kollektivi bir hektar ərazisi olan bu adanı kol-kosdan, yabanı bitkilərdən təmizləyib. Mingəçevir şəhərindən 4 kilometr məsafədə yerləşən və 2013-cü ildən insanların ayaq basdığı bu ada indi fərqli görünüşə malikdir. Hazırda adanın təbii landşaftı bərpa olunur, orada ağac və gül kolları əkilir, turistlərin yüksək səviyyədə dincəlməsi üçün vacib obyektlər tikilir.
   İndiyədək əraziyə ağaclar əkilib, mövcud ağaclar budanıb, ərazidə səliqə-sahman yaradılıb. Bundan əlavə, turistlərin asudə vaxtlarını xoş keçirmələri üçün orada istirahət guşəsi, müxtəlif oyun meydançaları inşa ediləcək. Hazırlıq işlərinin mayadək yekunlaşdırılması, yay aylarında isə turistlərin hər gün bu adaya səyahətinin təşkil olunması planlaşdırılır.