Yanvarın 30-da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan şairi Mirzə Ağadadaş Münirinin 155 illik yubileyi ilə əlaqədar nəşr edilən kitabın təqdimatı olub.
   İnstitutun direktor müavini Paşa Kərimov şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, Mirzə Ağadadaş Münirinin yubileyi ərəfəsində belə bir kitabın işıq üzü görməsini onun xatirəsinə yüksək ehtiram əlaməti kimi dəyərləndirib.
   İnstitutun elmi katibi Əzizağa Nəcəfzadə Mirzə Ağadadaş Münirinin öz dövründə tanınmış qələm sahibi olduğunu, ötən əsrin əvvəllərində onun “Bahar ağlayışı” kitabının çap olunduğunu deyib. 
   Nəşrin tərtibçisi və “ön söz”ün müəllifi Sona Xəyal Ağadadaş Müniri irsi ilə bağlı uzun illərdən bəri tədqiqat apardığını bildirib. 
   Digər çıxış edənlər şairin Əlyazmalar İnstitutunda saxlanılan şeirləri, publisistik məqalələri, nəsil şəcərəsi barədə danışıblar. 
   Şairin ailə üzvləri və həmyerliləri təqdimata görə Əlyazmalar İnstitutunun rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.