Azərbaycan Milli Kitabxanasında “2 fevral Gənclər günüdür” adlı kitab sərgisi açılıb. Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq əlamətdar günün tarixindən, Azərbaycanda dövlət quruculuğu sahəsində gənclərin rolundan, gənclərə dövlət tərəfindən göstərilən qayğıdan bəhs edib. 
   Sonra çıxış edən gənclər hər bir sahədə dövlətin dəstəyini hiss etdiklərini söyləyiblər. Tədbir iştirakçıları “2 fevral Gənclər günüdür” adlı kitab sərgisi ilə tanış olublar. 
   * * *
   Əlamətdar günlə bağlı Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da da tədbir keçirilib. Tədbirdə paytaxtdakı 8 saylı orta məktəbin 8 a sinif şagirdləri iştirak ediblər. 
   Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova Gənclər günü barədə danışıb, məktəblilərə ölkəmizin sayılan gəncləri sırasında olmalarını arzulayıb. Tədbirdə həmçinin kitab və dövri mətbuat sərgisi təşkil edilib.