Onların arasında Milli Dram Teatrının rejissoru və Musiqili Teatrın aktrisası da var
   
   Fevralın 2-də Gənclər günü münasibətilə “Buta Palas”da təntənəli mərasim keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. 
   Mərasimdə Prezident İlham Əliyevin 2018-ci il 2 fevral tarixli sərəncamına əsasən, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən Reyhan Camalovaya, Gülnar Əlfidatlıya, Xaqani Fərəcova, Ağarəhim Quliyevə, Zümrüd Səfərovaya və Aysun Zeynalovaya 2018-ci il gənclər üçün Prezident mükafatları təqdim olunub.
   Tədbirdə, həmçinin uğur qazanan, dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə fərqlənən yaradıcı və istedadlı gənclər mükafatlandırılıb.
   Gənclər və İdman Nazirliyi tərəfindən təltif olunanlar arasında Akademik Milli Dram Teatrının rejissoru Əlif Cahangirli və Dövlət Musiqili Teatrının aktrisası Aydan Həsənova da var.
   Əlif Cahangirli 1992-ci ildə anadan olub. 2010-2014-cü illərdə Mədəniyyət və İncəsənət Universitetində Xalq artisti, professor Azər Paşa Nemətovun kursunda rejissor sənətinə yiyələnib. Moskvada Rusiyanın tanınmış rejissorlarından ustad dərsləri alıb. 2015-ci ildən Milli Dram Teatrında fəaliyyətə başlayıb. Xalq artisti Azər Paşa Nemətovun rəhbərliyi altında rejissor Anar Babalı ilə birlikdə C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Almaz” tamaşalarını, uşaqlar üçün “Buzlar ölkəsi” və C.Rodarinin “Çipollino” nağıl-tamaşasını hazırlayıb.
   “İlin gənc aktrisası” nominasiyasında mükafatlandırılan Aydan Həsənova Musiqili Teatrda “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Silva” və s. tamaşalarda oyunu ilə sənətsevərlərin rəğbətini qazanıb. 2016-cı ildə Yekaterinburqda V.Kuroçkin adına Gənc operetta və musiqili teatr artistlərinin VI Beynəlxalq müsabiqəsində üçüncü yerə layiq görülüb.