Moskva Dövlət Konservatoriyasında Qara Qarayevin 100 illiyinə həsr edilmiş konsert keçirilib
   
   Fevralın 1-də P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert keçirilib.   
   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının dəstəyi ilə təşkil edilmiş yubiley gecəsinin proqramında bəstəkarın çoxşaxəli və çoxjanrlı sənəti əksini tapıb. Tədbirin əvvəlində sənətşünaslıq doktoru Rauf Fərhadov Qara Qarayevin həyat və yaradıcılığı barədə məlumat verib. 
   Konsertin birinci bölümündə bəstəkarın məşhur əsərləri - “Skripka və fortepiano üçün sonata” (1960) və “24 prelüd” fortepiano silsiləsindən “Altı prelüd” (IV dəftər, 1963) səslənib.
   Qara Qarayev neoklassisizminin ən yaxşı nümunələrindən hesab edilən bu əsərlərdə müəllif yeni musiqi texnologiyalarına, yeni üsul və vasitələrə, o cümlədən caz və sinkop ritmlərinə müraciət edib.
   Konsertin ikinci hissəsində adətən az-az ifa edilən əsərlər - Lenqston Hyuzun sözlərinə yazılmış “Səs və fortepiano üçün üç noktürn” səslənib. Məlum olduğu kimi, Hyuz “caz poeziyası”nın pionerlərindən sayılır. Noktürnlərə xas olan blüz koloriti və intonasiyası da bununla bağlıdır. 
   Daha sonra bəstəkarın “Yeddi gözəl” baletindən rəqslərin Vladimir Qenin tərəfindən skripka və fortepiano üçün işlənmiş variantı təqdim edilib.
   İfaçı musiqiçilərin yüksək sənətkarlığı da tamaşaçılara güclü təsir bağışlayıb. Skripkaçı Yelena Reviç, pianoçu Olqa Domnina və vokalçı Yevgeni Astofurov Qarayev musiqisinin bənzərsiz dil və üslub xüsusiyyətlərini dinləyicilərə böyük ustalıqla çatdırıblar.
   Bəstəkarın oğlu, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev AZƏRTAC-ın müxbiri ilə söhbətində konsertin təşkilatçılarına təşəkkürünü bildirərək deyib: “Moskva Konservatoriyasına, həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə minnətdaram. Moskvalı musiqiçilər Qara Qarayevin əsərlərini çox gözəl ifa etdilər, onlara ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Qarayevin musiqisi onlar üçün böyük bir kəşf, Azərbaycana açılan pəncərə olub”.
   Pianoçu Olqa Domnina deyib: “Mən klassik musiqiyə yeni çalarlar, yeni baxış, yeni cəhətlər tapmaq istəyirdim və Qara Qarayevin yaradıcılığında bütün bunları tapdım. Qarayevin musiqisi Şostakoviç tərəfindən haşiyələnmiş Şərqdir”. 
   İfaçı təəssüflə qeyd edib ki, internetdə Qara Qarayevin konsertlərinin lent yazıları az saydadır. O deyib: “Qara Qarayevin əsərlərini Azərbaycan musiqiçilərinin ifasında dinləmək mənim üçün çox maraqlı idi. Təəssüf ki, Qarayevin musiqisinin, onun konsertlərinin ümumi istifadə üçün əlçatan olan lent yazıları çox cüzi saydadır. Mənim fikrimcə, Qara Qarayevin 100 illiyi münasibətilə bu dahi bəstəkara sevgi ifadəsi olan yeni lent yazılarının yayılması çox gözəl olardı”.
   Rusiyanın Əməkdar artisti, skripkaçı Yelena Reviçin fikrincə, Qara Qarayevin yaradıcılığı Qərb ilə Şərqi birləşdirir. O deyib: “Qara Qarayev musiqisi bu gün inanılmaz dərəcədə müasir səslənir. Çünki bu musiqi Qərb ilə Şərqi çox incə və üzvi şəkildə birləşdirir. Bu isə indiki vaxtda çox vacibdir”.