Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Gənclər gününə həsr olunmuş konsert proqramı təqdim olunub.
   Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbirdə çıxış edərək ölkəmizdə aşıq sənətinə, o cümlədən gənc aşıqların yaradıcılığına həmişə xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edib ki, bu gün ölkəmizin əksər musiqi məktəblərində saz sinifləri fəaliyyət göstərir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində gənclərimiz aşıq sənəti üzrə bakalavr və magistr pillələrində təhsil alırlar. Bir neçə il bundan əvvəl Gədəbəy rayonunda Aşıq musiqisi məktəbinin açılması yeniyetmə və gənclərin bu sənətə marağını daha da artırıb.
   Vurğulanıb ki, istedadlı gənclərin yaradıcılıq imkanlarının üzə çıxarılması Aşıqlar Birliyinin fəaliyyətində mühüm yer tutur, bu istiqamətdə layihələr reallaşdırılır, gənc aşıqların ifalarından ibarət “Sarıtel” və “Misri” adlı audiodisklər buraxılıb.
   Gənc aşıqların bu konserti də bir növ onların yaradıcılıq hesabatıdır.
   Sonra səhnəyə ilk olaraq Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu çıxıb. “Şirvanşah”, “Misri” və “Laçın” sazçı folklor qruplarının və digər gənclərin ifaları da daxil olmaqla 40-dan çox gənc aşığın çıxışı maraqla qarşılanıb.