Böyük ədib, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə “Kaspi” qəzeti, Artkaspi.az mədəniyyət və ədəbiyyat portalının keçirdiyi şeir müsabiqəsinə yekun vurulub. Fevralın 2-də qalibləri mükafatlandırma və müsabiqəyə təqdim edilən şeirlərdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.
   Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov tədbiri açaraq Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının mühüm simalarından biri olduğunu deyib, müsabiqənin əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu cür tədbirlər tarixi şəxsiyyətin adının əbədi yaşamasına xidmət edir.
   “Kaspi” təhsil şirkəti və “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva qeyd edib ki, H.Cavidin istər bədii, istər publisistik, istərsə də nəsr əsərlərində məfkurə hakimliyi var: “Hüseyn Cavid hər zaman bəşəri ideyalarla yaşayıb. Şəxsiyyətləri mühit yetişdirir. Bu baxımdan Hüseyn Cavidin formalaşmasında onun olduğu mühitin böyük təsiri var”.
   Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Xalq şairi Sabir Rüstəmxanlı görkəmli şair və dramaturqa həsr olunmuş ədəbi müsabiqənin önəmini vurğulayıblar. 
   Sonra Ə.Amaşov müsabiqəyə təqdim olunan yaradıcılıq nümunələri barədə məlumat verib. Bildirib ki, Azərbaycanın müxtəlif bölgələri ilə bərabər, İrandan, Türkiyədən də şeirlər müsabiqəyə göndərilib, ümumilikdə 108 əsər araşdırılıb və onlardan 20-si münsiflərə təqdim olunub. 
   Münsiflər heyətinin qərarına görə, Nuri Əlizadə I, Dilsuz Mustafayev II, Bəhruz Niftəliyev III yerə, Fərqanə Mehdiyeva xüsusi mükafata layiq görülüb. Digər 9 nəfər diplomlarla təltif edilib.