Fevralın 3-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə reallaşdırdığı “Gəncliyin səsi” festivalı çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri, gənc şairlər - Şahanə Müşfiq və Fuad Cəfərli ilə görüş keçirildi.
   Tədbiri Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, Yazıçılar Birliyi Gənclər şurasının sədri Elşad Ərşadoğlu açaraq nazirliyin layihəsi olan “Gəncliyin səsi” festivalı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 20 il öncə ümummilli lider Heydər Əliyev gənc nəslə diqqət və qayğının artırılması, istedadlı gənclərin üzə çıxarılıb tanıdılması və onların yaradıcılıq imkanlarının inkişafı üçün dəstək verilməsi məqsədilə 2 fevralı - Gənclər günü elan edib. Ulu öndər gəncliyi hər mənada güclü görmək istəyirdi. Bu gün Azərbaycan gənclərinin təşəbbüskarlığı, respublikamızın ən ucqar yaşayış məntəqələrində keçirilən tədbirlərdə gənclərin yaxından iştirak etməsi onların Vətənə nə qədər bağlı olduqlarını göstərir. 
   Tədbirdə “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Taleh “İlin fəal gənc yazarı” fəxri fərmanlarını Şahanə Müşfiqə və Fuad Cəfərliyə təqdim etdi.
   Şair-tərcüməçi Səlim Babullaoğlu, şairlər Qəşəm Nəcəfzadə, Məhərrəm Şəmkirli gəncləri əlamətdar gün münasibətilə təbrik etdilər. Onlara bütün sahədə olduğu kimi, ədəbiyyat sahəsində də göstərilən diqqət və qayğıdan söz açan natiqlər gənc şairlərə yeni yaradıcılıq uğurları arzu etdilər.
   Sonra görüşün qonaqları - Şahanə Müşfiq və Fuad Cəfərli öz şeirlərini söylədilər, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar. 
   Tədbirdə iştirak edən gənc şairlərdən Emin Süleymanov, Elvin Əlizadə, Şəhriyar Seyidov, İntiqam Yaşar, Gülnarə İsrafil, Oğuz Alparslan, Tural Turan, Nuranə Nur və başqaları şeirlərini səsləndirdilər.
   Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin əməkdaşı Məhəmməd Həmzəyev çıxış edərək, Gənclər günü ilə bağlı növbəti belə tədbirin bölgələrdə keçiriləcəyini diqqətə çatdırdı.
   Sonda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən təşkil edilən “Gəncliyimiz sabahımızdır” adlı kitab sərgisinə baxmağa dəvət olundular.
   Tədbirdə Bakı şəhəri üzrə 1, 3, 4 və 5 saylı “ASAN Xidmət”in könüllüləri iştirak edirdi.
   
   Savalan Fərəcov