Amma musiqini və insanları sevdiyinə tam əminik! 
   
   Hərdən sırf peşə baxımından da xəyalından nələrsə keçir. Jurnalistsənsə, təbii ki, nələrdənsə yazmaq, kimlərdənsə müsahibə almaq, filan. Bəzən də heç ağlına gəlməyən olay da baş tutur...
   Yanvarın sonunda belə istəklərimdən biri gerçəkləşdi. Bütün dünyanın “bugi-vugi kralı” adlandırdığı dünya şöhrətli pianoçu Silvan Zinqq Bakıya gəldi. Onun iki gün ardıcıl verdiyi konsertlərin də, çox maraqlı ustad dərsinin də təəssüratı dinləyici və öyrəncilərin yaddaşından çətin silinə. Biz isə bu köhnəlməyəcək təəssüratı yaddaşımıza hopdurub görkəmli ifaçı ilə söhbətimizi sizə təqdim edirik. 
   
   Bəri başdan deyək ki, Silvan Zinqq elə ekrandan daha çox YouTube vasitəsilə yayılan video yazılarında göründüyü qədər pozitiv ruhlu, üzügülər və səbirli adamdır. 
   Bakıya gəldiyi ilk gündə, konsert verməzdən əvvəl onunla görüşmək istəyən yerli jurnalistlərə səbirlə müsahibə verir, şəhərimizin qəfil pozulmuş havasında üşümədən öz ilıq təbəssümünü hər kəsə bolluca paylayırdı. 
   Silvan Zinqq. İsveçrə vətəndaşı. 1973-cü ildə musiqiçi ailəsində anadan olub. Bugi-vugi musiqi janrını məşhurlaşdıran tək-tük Avropa əsilli musiqiçilərdəndir. Avropalılar üçün o qədər də səciyyəvi olmayan bir cəhəti də var: doğma Luqano şəhəri ilə sıx əlaqəlidir. Hər il doğma şəhərində keçirilən musiqi festivalının təşəbbüskarı və rəhbəridir. İndiyədək dünyanın yüzdən çox ölkəsində çıxış edib. Azərbaycana isə ilk gəlişidir. Bu üzdən də söhbətimizə bir qədər uzaqdan başladıq. Elə suallarımız qonağımıza göydəndüşmə təsir bağışlayıb təkrar gəlməsin deyə xəbərdarlıq da etdik. 
   
   - Silvan, sizi Bakıda görməkdən şadıq. Xoş gəlmisiniz! 
   - Çox sağ olun. Elə mən də, nəhayət, dünyanın ən gözəl şəhərlərindən birini gördüyümə çox şadam. Şadam ki, İsveçrənin Azərbaycandakı səfirliyi mənə bu şəraiti yaratdı. 
   
   - Elə biz də bugi-vugi musiqisini sevənlərin adından canlı ifanızı dinləmək şansına görə bu qastrol səfərinin təşkilatçılarına minnətdarlıq edirik. 
   - Bu minnətdarlıq qarşılıqlıdır.
   
   - Siz dünyada çox məşhur musiqiçilərdən sayılırsınız. İstəyirik ki, bizim oxucular da sizi daha yaxşı tanısınlar. Musiqiçi ailəsində doğulmusunuz. Klassik musiqi təhsili almısınız. Maraqlıdır, sizin yaşınıza görə artıq retro sayılan bugi-vugi janrını seçməyinizə nə təkan verdi? 
   - Doğrudan da, atam musiqiçidir, o, müxtəlif alətlərdə ifa etməyi gözəl bacarırdı. Valideynlərim evlənəndən sonra anam düşünür ki, yəqin uşaqlarından biri musiqiçi olmaq istəyər. Odur ki, elə uşağın, yəni mənim dünyaya gəlişimi gözləmədən evə fortepiano aldırır. Ağlım kəsəndən piano çalıram. 5-6 yaşımda ilk dəfə bugi-vugi musiqisini radioda eşitdim. Musiqi məni o qədər cəlb etdi ki, yalnız bugi-vugi dinləmək və ifa etmək istəyirdim. Yəqin bu vurğunluq mənim xarakterimdən irəli gəlirdi. Çünki mən sürəti çox sevirdim: velosipedi də sürətlə sürürdüm, pianoda da iti ritmli çalmağı xoşlayırdım. Bugi-vugi həm iti sürətli çalğıdır, həm də bu janrın əsas özəlliyi ifadə etdiyi hisləri sürətlə dinləyiciyə ötürməsidir. Atam həvəsimi görüb bu janr barədə mənə məlumat verdi. Fortepiano müəlliməm çox çalışırdı ki, məni klassik musiqiyə tərəf çəksin. Amma bacara bilmədi. 

   - Bu aşiqlik gənc Silvanı haralara apardı?
   - Düz Amerikaya!.. 18 yaşım olanda ilk dəfə Birləşmiş Ştatlara getdim. Orada afroamerikalı musiqiçilərlə tanış oldum. Onlar mənə bugi-vuginin tarixindən, yaranmasından, bu janrı populyarlaşdıran insanların taleyindən maraqlı əhvalatlar danışdılar. Beləcə, marağım artdı, öyrənmək həvəsim çoxaldı. Hazırda özümü bugi-vugi musiqisinin dünya səfiri hesab edirəm. Çünki bu janrı bütün dünyada təbliğ edirəm. 
   
   - Siz təvazökarlıq edib özünüzü səfir adlandırsanız da, hər kəs sizi bugi-vugi kralı adlandırır... Belə şöhrətə çatandan sonra seçiminizlə barışmayan musiqi müəllimənizin sizə münasibəti necə, dəyişdimi?
   - Hə, müəlliməm məni janrımdan döndərə bilməsə də, ifamı çox bəyənirdi. Sonralar Luqanoda verdiyim bütün konsertlərimə gəlirdi. Təəssüf ki, o, iki il əvvəl vəfat etdi. 
   
   - Yaşıdlarınız sizin janr seçiminizə necə baxırdılar? Ümumiyyətlə, sizin seçiminizi kimlər daha çox bəyənirdi: yaşlılar, yoxsa gənclər?
   - Doğrudan da, mən bugi-vugi ilə maraqlanmağa başlayanda yaşıdlarım daha çox rok, texno janrlarına qulaq asırdılar. Bir qədər “geridə qalmışları” isə disko musiqisini çox sevirdi. Amma bugi-vugi ilə öz gəncliyini xatırlayan orta və yaşlı nəsil məni daha çox dəstəkləyirdi. Gənclərdən isə yalnız rəqqaslar məni çox bəyənirdilər. Çünki bugi-vugi həm də iti ritmli rəqs melodiyasıdır.
   
   - 80-lərin sonu, 90-cı illərin başlanğıcından cavan bir oğlanın retro janrı ilə səhnəyə çıxışı yəqin təəccüblə qarşılanıbmış. Həmin illəri necə xatırlayırsınız? 
   - İlk solo konsertim musiqi məktəbinin buraxılış konserti olub. O vaxt israrla istədiyimi etdim: proqramdan kənara çıxıb buraxılış konsertində bugi-vugi çaldım. Sonralar şəhərimizin müxtəlif salonlarında solo konsert verməyə başladım. Əvvəllər, bayaq dediyim kimi, yaşlılar maraq göstərsə də, məni dinləməyə gələn dostlarımın, məktəb yoldaşlarımın və onlara qoşulanların sayəsində tamaşaçıların yaş balansı nizamlanmağa başladı. Bir də gördüm ki, dinləyicilərimin yaş həddi 9-dan 90-dəkdir. Yəni yaşlılar gəncliklərini xatırlamağa, gənclər isə virtuoz musiqini, şux ritmləri dinləməyə gəlirdilər. 
   
   - Luqanoda öz bugi-vugi festivalınız var. Sizcə, insana bu qədər pozitiv ovqat bəxş edən janrın tərəfdarları, pərəstişkarları ildən-ilə artır, yoxsa azalır? Ardıcıllarınız necə, varmı? 
   - Festival bizim bir növ ailə layihəmizdir. Yəni hər il keçirilən bu festivalı mən ailə üzvlərimizlə birlikdə təşkil edirəm. Bilirsiniz, artıq bizim festivalın daimi pərəstişkarları var. Mən onları hər il festival günlərində görürəm. Amma onlar da daha konsertlərə tək gəlmirlər. Övladlarını, qohumlarını, dostlarını gətirirlər. Tamaşaçıların konsertdən xoş əhvalda çıxdığını görmək məni məmnun edir. İnsanların pozitiv enerji mübadiləsinə ehtiyacı var. Ardıcıllara gəlincə, getdiyim bütün şəhərlərdə, çıxış etdiyim festivallarda mənə ustad dərsi keçmək təklifi edəndə dərhal razılaşıram. Nəsə öyrənmək istəyənlərlə çalışmağa hazıram. 
   
   - Azərbaycan dünyaya muğam-caz sintezini bəxş edib, fərqli musiqi janrının təməlini qoyub. Sizin bu janr barədə bildikləriniz bizə də maraqlıdır.
   - Düzünü deyim ki, Azərbaycana gələnədək sizin caz sənətinizlə bağlı heç nə bilmirdim. Amma maraqlandım, YouTube-da xeyli maraqlı lent tapdım. Öyrəndim ki, həqiqətən, Azərbaycan bir caz ölkəsiymiş. Muğam-caz sintezi isə tamam başqa aləmdir. Mənim üçün tamamilə yeni bir cərəyan, fərqli janrdır. Amma yenə də bütün caz janrlarının kökü bugi-vugidən başlayır. Sanki o, bir ağacdır, caz janrları da eyni gövdədən qalxaraq şaxələnir. Sabah Rain Sultanov ilə birlikdə ustad dərsində cem-seyşn etmək niyyətimiz var, görək nə olur... 
   
   - Həm solo, həm də caz-bənd tərkibində çıxış edirsiniz, hətta rəqqası da müşayiət edirsiniz. Bu istiqamətlərin hansında özünüzü daha çox ifadə edirsiniz? 
   - Maraqlı sualdır... Əslində, bu seçim ovqatımdan asılıdır. Kiminləsə çıxış edəndə hislərimizi ifaya keçirib birlikdə paylaşırıq. Bəzən tək çıxış etmək, bəzən də rəqqasları müşayiət etmək keçir ürəyimdən. Amma bunların hansında daha çox özüməm?.. Deyə bilmərəm. Yəqin ona görə ki, bu, mənim həmin gün keçirdiyim hislərdən asılıdır. 
   
   - Deyirlər ki, ən şən, hamının kefini açmağa çalışan adamlar ən dərdli, ən qəmgin adamlardır. Həmişə dinləyicilərə xoş hislər bəxş edən Silvan Zinqq özü xaraktercə necə adamdır? 
   - Düz deyirlər. Həmişə xoş ovqatda olmaq, deyib-gülmək mümkün deyil... Həqiqətən də, çox vaxt konsertdən sonra evə gələndə qanım qaralır, qəmlənirəm, sanki dünya boşalır... Bir az əvvəl birlikdə olduğum adamlar üçün, tamaşaçılar üçün darıxıram. 
   
   - Bununla belə, hamı sizi üzügülər, mehriban adam kimi tanıyır. Pozitivliyin Silvan Zinqq resepti varmı? 
   - Belə bir reseptim yoxdur. Amma olsaydı, ona bircə söz yazardım: SEVGİ! Hər şeyi, insanları, musiqini, seçdiyiniz sənəti, gördüyünüz işi, səmanı, yolunuz düşən yeni şəhərləri sevin! İnanın ki, bütün problemlərin açarı sevgidir! 
   
   Gülcahan Mirməmməd