Böyük şəxsiyyətlərlə uca dağların arasında bir oxşarlıq var. Dağın möhtəşəmliyini görmək üçün məkanca uzaqlaşmaq, şəxsiyyətin böyüklüyünü, qüdrətini dərk etmək üçünsə zamanca aralanmaq lazımdır. Hərçənd elə şəxsiyyətlər var ki, onların böyüklüyü elə zəmanəsində etiraf edilib, haqqında daim xoş fikirlər söylənilib, həqiqət deyilib. Sağlığında “millət atası” titulunu qazanmış milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyev (1838-1924) belə şəxsiyyətlərdən olub. 
   Bu il 180 illik yubileyi qeyd edilən görkəmli azərbaycanlının xatirəsinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Fevralın 3-də Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən xatirə gecəsi də bu qəbildən idi. Xatirə gecəsində Tağıyev nəslinin davamçıları və irsinin tədqiqatçıları iştirak edirdi. 
   Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov H.Z.Tağıyevin həyat və sahibkarlıq fəaliyyətindən söz açmazdan öncə milyonçunun yaşı ilə bağlı müxtəlif mənbələrdə göstərilən fərqli doğum tarixləri məsələsinə aydınlıq gətirdi. Tağıyevin bu günədək gəlib çıxmış sənədlərinin araşdırılmasından belə məlum olur ki, onun dünyaya gəlişi ilə əlaqədar göstərilən 1823, 1838 və 1841-ci illər tarixləri arasında ən məqbulu məhz 1838-ci il sayılmalıdır. Məruzəçi bu tarixi konkret faktlarla əsaslandırdı və o dövrün sənədləri ilə yaxından tanışlığı, apardığı araşdırmalar nəticəsində topladığı məlumatları tədbir iştirakçıları ilə paylaşdı. 
   Məruzəçi Tağıyevin xeyirxahlığından, özü heç bir təhsil almamış bir insanın ən çox təhsil sahəsinə sərmayə yatırmasından, başqa şəhərlərdə yaşayan tanımadığı gənclərə də təhsil almaq üçün yardım etməsindən danışdı. O dövrdə müxtəlif millətlərdən olan milyonçuların fonunda Hacının xalq tərəfindən niyə bu qədər sevildiyinə dair tutarlı dəlillər gətirdi. Tağıyevin hələ bir əsr öncə böyük fəhmlə neft kapitalını insan kapitalına çevirməsi barədə danışan Fərhad müəllim Bakıda Müsəlman qız məktəbinin açılmasını milyonçunun ən böyük layihələrindən biri adlandırdı, Rusiya və Avropanın müxtəlif şəhərlərində təhsil alan gənclərin çoxunun sonradan Azərbaycanın adını ucaldan mütəxəssis, alim, ictimai xadim olduğunu xatırlatdı. 
   Xatirə gecəsində daha sonra BP-nin kəşfiyyat üzrə aparıcı mütəxəssisi, yer elmləri üzrə fəlsəfə doktoru, böyük mesenatın nəticəsi Nazim Abdullayev ulu babasının xeyriyyəçilik fəaliyyətindən geniş söz açdı. O, Tağıyev isminin ətrafında rəvayətlərin yaranmasını, onun əfsanəvi şəxsiyyətə çevrilməsini ümumxalq məhəbbəti ilə əlaqələndirdi. 
   Tağıyevin kiçik qızı və sonbeşiyi Sürəyya xanımın gəlini, AMEA-nın Geologiya və Geofizika İnstitutunun böyük elmi işçisi, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Səidə Mirizadə isə bir zamanlar mərhum qayınanasından eşitdiyi, 1900-cü ildə, hələ Sürəyya doğulmamışdan öncə Parisdə keçirilmiş Dünya sərgisində olarkən alınmış, üstündə Hacının venzeli həkk olunmuş məşhur Limoj çinisindən yemək və qəhvə servizinin tarixçəsindən söz açdı. Sürəyya xanımın qoruyub saxlaya bildiyi unikal qab-qacaq bu gün Milli Azərbaycan Tarixi Muzeyində Tağıyevə məxsus salonda sərgilənir. Səidə xanım hazırda Tağıyevlər nəslinin dünyaya səpələnmiş davamçılarını necə axtarıb tapmalarından da bəhs etdi. 
   Bərpaçı-rəssam Natiq Səfərov 1959-cu ildə Azərbaycanın ilk ixtisaslı bərpaçı-rəssamı Fərhad Hacıyevin Hacının məşhur rəssam İsaak Brodski tərəfindən çəkilmiş portretini necə bərpa etdiyini, həmin portretin yalnız 1991-ci ildə üzə çıxarıldığını yada saldı. 
   Təxminən iki saat davam edən xatirə gecəsində iki təqdirəlayiq məqam diqqətimizi çəkdi. Birincisi, Tağıyev nəslindən olan insanların və onların qohumlarının, dostlarının böyük təvazökarlıqla tədbirdə iştirakı, bir də qonaqlar arasında Bakının orta məktəblərində çalışan, məruzəçilərə maraqlı suallarla müraciət edən tarix müəllimlərinin çoxluğu...
   
   Gülcahan Mirməmməd