İtaliya portalında Bakı haqqında məqalə dərc olunub
   
   İtaliyanın “Notizie Geopolitiche” analitik portalında “Azərbaycan. Bakının “Ekspo 2025” sərgisi üçün namizədliyi” adlı məqalə dərc olunub. 
   Tədqiqatçı Corciya Piların müəllifi olduğu məqalədə “Ekspo 2025” Dünya Sərgisinə Bakının namizədliyi ilə bağlı ötən ilin noyabrında Parisdə və bu ilin yanvarında Davosda keçirilmiş təqdimat mərasimlərindən bəhs olunur. Dünya sərgilərinin 160 ildən artıq müddətdə ölkələrin mədəniyyətini və sənaye inkişafını qeyd etmək üçün təşkil olunduğunu bildirən müəllif Bakının “Ekspo 2025”ə ev sahibliyi üçün namizədliyini irəli sürməkdə məqsədlərinin daha geniş olduğunu vurğulayır. Qeyd edir ki, “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” şüarı Azərbaycan hökuməti tərəfindən insan kapitalının inkişafına yardım göstərmək və onun qorunmasını təmin etmək üçün Azərbaycanın dövlət qurumlarının səylər göstərdiyini sübut edən ismarışdır. 
   Yazıda Avropa və Asiya qitələrinin kəsişməsində yerləşən Azərbaycanın həm beynəlxalq iqtisadi, həm də mədəni münasibətlərdə strateji rol oynadığı, Bakı şəhərinin zəngin tarixi irsi, möhtəşəm memarlıq üslubuna görə dünyanın ən gözəl şəhərlərindən biri kimi şöhrət qazandığı qeyd olunur.
   Müəllif Azərbaycanın təbii gözəlliyə, qonaqpərvərliyə, multikultural və tolerant dəyərlərə malik olan, həmçinin beynəlxalq tədbirlər üçün daha çox seçilən ölkə olduğuna görə “Ekspo 2025” sərgisinə ev sahibliyi üçün ideal məkan olduğunu vurğulayır.