Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci il üçün daha bir yeni tamaşanın məşqləri başlanıb. Bu dəfə yaradıcı heyət böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında eyniadlı tamaşa hazırlayır.
   “Cavid dramaturgiyası, onun qəhrəmanları, fəlsəfi baxışları insanı daima düşündürür, onu sanki saflaşdırır. Ümid edirəm ki, “Ana” tamaşası da teatrımızın repertuarında özünə möhkəm yer tutacaq, tamaşaçılar tərəfindən sevgi ilə baxılacaq. Bu tamaşa həm də istedadlı aktrisamız Nübar Novruzovanın 60 illik yubileyi ilə əlaqədar benefis-tamaşası olacaq”, - deyə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib.
   Yeni səhnə əsərinə Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verir. Quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Sevda Hacışəmiyevadır.
   Obrazları Əməkdar artist Nübar Novruzova, aktyorlar Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, İradə Rəşidova, Simuzər Ağakişiyeva, Aydın Dəmirov canlandıracaqlar.
   Tamaşanın premyerası aprel ayına nəzərdə tutulur.