Fevralın 7-də Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin və Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin təşkilatçılığı ilə Dövlət Dumasının binasında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgi açılıb.
   Mərasimdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin iştirak ediblər.
   Vyaçeslav Volodin mərasimdə çıxış edərək Azərbaycanın tarixi, mədəniyyəti və bu günü ilə tanış olmağa imkan verən sərginin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. Qeyd edib ki, bu cür tədbirlər ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, mühüm aktual məsələlərin müzakirəsinə şərait yaradır. Sərgi vasitəsilə rusiyalılar həm də Azərbaycanın görməli yerləri ilə tanış olacaq, bu ölkənin turizm imkanlarından istifadə edəcək, öz istirahətlərini burada keçirmək barədə düşünəcəklər.
   Milli Məclisin sədri Oqtay Əsədov sərginin təşkilatçılarına təşəkkürünü bildirərək qeyd edib ki, bu cür görüşlər və sərgilər Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafına kömək edəcək. O, sərginin təşkili üçün yaradılmış şəraitə görə Rusiya Dövlət Dumasının rəhbərliyinə təşəkkür edib.
   Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov, Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gennadi Züqanov, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski, “Spravedlivaya Rossiya” Partiyasının lideri Sergey Mironov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək Azərbaycan-Rusiya əlaqələrinin inkişafından danışıblar.
   Qeyd edək ki, Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgi Dövlət Dumasında xarici ölkəyə həsr olunmuş ilk sərgidir. Sərginin konsepsiyası Azərbaycanın zəngin tarixə malik olan qədim, eyni zamanda, sürətlə inkişaf edən ölkə olduğunu göstərmək üzərində qurulub. 
   Bir neçə bölmədən ibarət sərgidə ziyarətçilər Azərbaycan tarixinə, mədəniyyətinə dair eksponatlarla, foto və video materiallarla tanış olacaqlar. “İnformasiya” bölməsində Azərbaycan haqqında bukletlər, broşürlər, ölkəni ziyarət etmək imkanları, viza alınması, aviauçuşların və turların təşkili barədə məlumatlar, Bakının “Ekspo 2025”ə namizəd şəhər olması ilə bağlı materiallar təqdim edilir. Burada, həmçinin Azərbaycanın turizm potensialı barədə məlumatlar, milli suvenir brendi olan “I love Baku”nun ölkəmizə aid müxtəlif suvenirləri yer alıb.
   Ekspozisiyanın “Azərbaycan inciləri” bölməsində qədim milli xalçalarımız, misgərlik nümunələri, ənənəvi şəbəkə sənəti, sərgi üçün hazırlanmış milli geyimlər, musiqi alətləri nümayiş olunur. Sərgiyə gələnlərə zəngin Azərbaycan musiqisi barədə də məlumat verilir.
   “İstirahət və kitabxana” bölməsi Şərq üslubunda quraşdırılıb. Kitabxanada ziyarətçilər Azərbaycan tarixi və mədəniyyətinə dair nəşrlərlə tanış ola bilərlər. Bu bölmədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Rusiyada işlədiyi dövrləri, bu ölkəyə səfərlərini əks etdirən materiallar xüsusi maraq doğurur. Burada, həmçinin Rusiyada şöhrət qazanmış və Rusiya tarixində iz qoymuş azərbaycanlılara həsr olunan stend yaradılıb. “Azərbaycanın tarixi” bölməsində isə qədim tariximiz və bu günümüz, multikulturalizm ənənələri, Azərbaycan-Rusiya münasibətlərinə dair sənədlər və videomateriallar yer alıb.