Yaxud "Qoyya"nın altıncı zühuru
   
   İndiyədək, yəni 1958-ci ildən üzü bəri dünya kinematoqrafı beş dəfə böyük ispan rəssamı Fransisko Qoyyanın (1746-1828) həyatından bəhs edən bədii filmi ekranlara çıxarıb. Maraqlıdır ki, 1971-ci ildə sovet və alman (Almaniya Demokratik Respublikası) kinematoqrafçılarının birgə istehsalı olan "Qoyya, yaxud idrakın məşəqqətli yolu" bədii filminin musiqisinin müəllifi Qara Qarayev və Fərəc Qarayevdir. 
   Fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya premyerası keçirilən "Qoyya" baletinin musiqisi də elə həmin kinofilmin musiqisindən başlanır. Çılğın təbiətli, coşqun istedadlı ispan rəssam haqqında film böyük bəstəkar Qara Qarayevə necə təsir göstərirsə, o, filmdən bir neçə il sonra oğlu, o illərin gənc bəstəkarı Fərəc Qarayevlə birlikdə xor və simfonik orkestr üçün "Qoyya" simfoniyasını bəstələyir. 
   Nəhayət, premyera həyəcanını yaşadığımız "Qoyya" baleti. Sözümüzün əvvəlində ona görə dünya premyerası yazdıq ki, gerçəkdən "Qoyya" bu musiqi kompozisiyasında (filmə yazılmış musiqi ilə yanaşı, bəstəkarın 2-ci simfoniyası və violin ilə orkestr üçün konsertindən də istifadə edilib) dünyada ilk dəfə tamaşaya qoyulurdu. 
   Balet ziddiyyətlərlə dolu həyat keçirmiş, gözəl və hökmran xanımlarla yaşadığı eşq macəralarının sorağı əsrləri aşan rəssamın son günlərinin təsviri ilə başlayır. Artıq eşitmə qabiliyyətini itirmiş Qoyyanın (Anar Mikayılov) gözləri qarşısında keçmişdən xəyallar canlanır. Emalatxanasında çəkdiyi portretlərin arasında keçən günlərin xatirəsi ona iztirab verir. Yarıyuxu, yarıgerçək həyat ona keçmişi xatırladır, tamaşaçıları da Qoyyanın keçmişinə qaytarır. 
   Libretto müəllifi, tanınmış yazıçı Yana Temizlə məşhur baletmeyster, Estoniyanın Əməkdar artisti, UNESCO nəzdindəki Beynəlxalq Rəqs Şurasının üzvü Vasili Medvedyev süjet xəttini Qoyyanın başına gələn hadisələri xatırlatmaqla qurublar. 
   Qoyyadan ötrü İnkvizitor (Əməkdar artist Makar Ferştandt) Taleyin, Kaetana Alba (Əməkdar artist Nigar İbrahimova) Eşqin və Kraliça (Ayan Eyvazova) isə Hakimiyyətin rəmzidir. Azad düşüncəli şəxsiyyət kimi Qoyya da amansız inkvizisiyanın qurbanı ola, tonqalda yandırıla, ya da suda batırıla bilərdi. Bəlkə də onu bu cür sonluqdan İstedadının gücü ilə yanaşı elə Eşqin qüdrəti, ya da Hakimiyyətin qüvvəti qurtarmışdı?.. 
   Bütün balet tamaşaları kimi, "Qoyya"nın da öz xoreoqrafik həlli var. Lakin baletmeyster bu həllin içində də musiqinin diktə etdiyi plastika ilə yanaşı məzmundan irəli gələn ayrıntıları hərəkətlərlə nəzərə çatdırır. Məsələn, İnkvizitorun "meydanı ələ aldığı" Birinci xəyal səhnəsində həm İnkvizitor, həm də onu müşayiət edən kordebalet iti cizgilərlə yaddaqalan düzxətli rəqs hərəkətləri ilə çıxış edirlər. Bu səhnə iştirakçılarının ürəksıxan, həm də həbsxana ovqatı doğuran bomboz geyimi, kütləvi səhnə iştirakçılarının üzünü gizlədən boz niqab həm də Qoyyanın yaşadığı cəmiyyətdə azad düşüncəyə, fərqli davranışa yer olmadığına işarə kimi qavranılır. Düzxətli hərəkətlər, az qala həndəsi ölçüyə tabe etdirilmiş jestlər cəmiyyətdə hər kəsin eyni cür düşünməli olduğuna sübutdursa, boz rəng artıq bu tələbin rəsmidir. 
   İkinci xəyal səhnəsində ovqat dəyişir. Madriddə küçədə el şənliyidir, şux rəngli libaslarını geyinmiş camaat rəqs edir. Çörəyini qazanıb bayramını keçirən sadə xalq adına müqəddəs inkvizisiya deyiləndən də, hakim dairələrdə yaşanan ehtiraslardan da uzaqdır. Xalqın bayramsayağı ovqatını Qara Qarayevin 2-ci simfoniyasından insan hislərini coşduran hissələr üzvi surətdə tamamlayır. Və düşünürsən ki, xoreoqraf eşitdiyini görə bilirsə, deməli, istənilən musiqi əsərinin plastik həllini tapa bilər. Qoyya onun əsərlərinə ilham pərisi olacaq, sadə xalqın içinə çıxmaqdan çəkinməyən zadəgan Kaetana Alba ilə də elə bu xalq şənliyində tanış olur. 
   Gerçəkdən də, Fransisko Qoyyanın həyatında hersoginya Kaetana Albanın öz yeri var. Onun ən məşhur portretləri - "Geyimli Maxa" və "Çılpaq Maxa" portretlərinin naturaçısı olduğu deyilən bu xanımın rəssamın ilham pərisi və hamisi olmasından da, rəssamla eşq yaşamasından da çox yazılıb. Əsərdə bu münasibət Kaetananın Qoyyaya naturaçı kimi poz verməsi, eyni vəziyyətdə tərpənməz qalmaqdan yorularaq sevgilisinə şıltaqlıqla etiraz etməsi ilə çatdırılır. Bu səhnədə balet artisti Anar Mikayılov əvvəlki və sonrakı səhnələrdəki qədər ustalıq və məharətlə eşq və sənət arasında çətin seçim edən istedadlı və ehtiraslı kişi obrazını dolğunluğu ilə çatdırır. Balerina Nigar İbrahimovanın Kaetanası da bu səhnədə plastikası və oyunu ilə diqqət çəkir. Kraliçanın sarayındakı balda isə Qoyyaya aşiq taclı xanımla üz-üzə gəldiyi səhnədə, onunla rəssamın qəlbini kim daha dərindən fəth edər yarışmasında Nigar İbrahimovanın Kaetanası Ayan Eyvazovanın hakimiyyətinə arxalanaraq daha böyük sevgi ummağa haqqı çatdığına əmin olan Kraliçasının ehtirasına layiqincə cavab verə bilir. 
   Beşinci xəyal səhnəsini Qoyyanın monoloqu da adlandırmaq olar. Tənha rəssam sanki ömrünün sonunda keçdiyi yaradıcılıq yoluna və yaratdığı əsərlərə xəyalən qayıdır. Baş verənlər, ardıcıllıqla davam edən xəyal və qarabasmalar sanki tamaşanın finalda rəssamın ölümü ilə bitəcəyinə işarədir. Amma yox, bütün faciələrə rəğmən, tamaşa baş qəhrəmanın ölümü ilə yox, onun rastlaşdığı hər şeyi yenidən kətan üzərinə köçürmək ehtirası ilə bitir. Əksər rəssamlardan fərqli olaraq, gecələr işləməyi sevən Qoyya öz icadı olan - üstünə şam bərkidilmiş şlyapasını başına qoyaraq yenidən molbertin qarşısına keçir. 
   "Qoyya" baletini bizim teatrın repertuarındakı digər tamaşalardan fərqləndirən bir sıra özəlliklər üzərində dayanmaq istərdik. 
   Tamaşa lojada yerləşdirilmiş, qarşısında şamlar yanan qara geyimli xorun "Ave Mariya" duası ilə başlayır, dua oxunan anda pərdə aramla qalxır və tamaşaçı hələ detallara varmadan səhnəyə göz gəzdirməklə onu fərqli bir əsərlə ünsiyyətin gözlədiyinə inanır. Səhnənin dərinliyində yerləşən ən iri dekorasiyada Qoyyanın "Kapriçços" seriyasından işlədiyi əsas ofort əks olunur. Məhz rəssamı inkvizisiya ilə üzbəüz qoyan "Öz uşaqlarını yeyən Kron", "İfritə" və "Sanbenito" ofortlarının səhnəni əhatə etməsi seyrçini bir an sonra başlayacaq qarabasmalara hazırlayır. Təbii ki, Kaetananın poz verdiyi səhnələrdə onun portretləri, saray səhnəsində isə həm də saray rəssamı olaraq çalışmış Fransiskonun işlədiyi portretlər səhnəni bəzəyərək baletin təsir gücünü artırır. Tamaşanın quruluşçu rəssamı Dmitri Çerbacinin (Rusiya Rəssamlıq Akademiyasının üzvü) istər səhnə, istərsə də geyimlər üçün verdiyi eskizlər həm İspaniya rənglərini, həm Qoyyanın rəssam təxəyyülünü, ən əsası, Qara Qarayev musiqisinin təsvirini çatdıra bilir. Tamaşanın musiqi rəhbəri və dirijoru, Əməkdar artist Əyyub Quliyevin musiqi materialına dərindən bələdliyi, üç əsərin bir-birini üzvi surətdə tamamlaması imkan verir ki, dahi bəstəkarın musiqisinə dərindən bələd olmayan kəslər birpərdəlik tamaşada səslənən musiqiləri eyni əsərin hissələri kimi qəbul etsin. 
   ...Son 60 ildə Qoyya haqqında beş bədii film çəkilib. Bizim tamaşanı Qoyyanın altıncı ifa-oyun sənəti nümunəsi saymaq olar.
   Həmin filmlərin ssenari müəllifləri Lion Feyxtvangerin "Qoyya" romanının təsirindən çıxa bilməyiblər. Bizim tamaşada da Feyxtvanger xətti duyulur, ən azından ona görə ki, 1971-ci ildə çəkilmiş film də eyniadlı roman əsasında ekranlaşdırılıb.
   O filmlərdə maraqlı məqamlar da var, zəif cəhətlər də, uzun səhnələr də, yorucu təkrarlar da. Diqqətlə baxsaq, elə tamaşanı da ifa baxımından bir qədər zənginləşdirmək olar. Sadəcə, fərq ondadır ki, filmə düzəliş etmək qeyri-mümkündür, hər bir tamaşa isə oynanıldıqca cilalanır. 
   İstənilən halda "Qoyya" baleti dahi Qara Qarayevin 100 illik yubileyinə layiqli hədiyyədir. Həm də bu hədiyyəni sənətsevərlərə ara-sıra bəxş etməyə dəyər. 
   
   Gülcahan Mirməmməd