Festivalın son günündə gənclərin təqdimatında “Bankir adaxlı” tamaşası göstərilib
   
   Xəbər verdiyimiz kimi, fevralın 2-dən 6-dək Mədəniyyət və Turizm Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) əməkdaşlığı ilə növbəti “Gəncliyin səsi” festivalı keçirilib. 
   Festivalın proqramına paytaxt Bakı ilə yanaşı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında müxtəlif tədbirlər, o cümlədən konsertlər, gənclərin rəsm və foto sərgiləri, gənc rejissorların filmlərinin nümayişi (Quba “ASAN Həyat” kompleksi), “ASAN könüllüləri”nin təqdimatında “Kölgə” tamaşasının premyerası (Mingəçevir Dram Teatrı) daxil idi.
   Fevralın 6-da Azərbaycan Dövlət Musiqili Teatrında “Gəncliyin səsi - 2018” festivalının bağlanış mərasimi keçirilib.
   Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin, universitetin nəzdindəki Bakı Turizm Peşə Məktəbi şagirdlərinin və “ASAN könüllüləri” Mədəniyyət mərkəzinin üzvlərinin əl işlərindən ibarət fotosərgi ilə tanış olublar.
   Sonra 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin könüllülərinin təqdimatında E.Sabitoğlu və T.Vəliyevanın “Bankir adaxlı” tamaşasının premyerası nümayiş olunub. Məişət mövzusuna toxunulan, müasir cəmiyyətdə öz aktuallığını daim qoruyub saxlayan və hər birimizin həyatımızda sıx rastlaşdığımız problemləri əks etdirən ikihissəli tamaşa “ASAN könüllüləri”nin ifasında maraq doğurub.
   Gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyan “Gəncliyin səsi” festivalının sonunda bir qrup istedadlı gənc mükafatlandırılıb.