2018-ci ilin yanvar ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 185 min nəfərdən çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artım deməkdir.
   Azərbaycana gələn xarici vətəndaşların sayına görə üstünlük təşkil edən ölkələr qonşu Rusiya Federasiyası (59 990 nəfər), Gürcüstan (45 679 nəfər), Türkiyə (24 276) və İran İslam Respublikası (13 437 nəfər), həmçinin Birləşmiş Ərəb Əmirlikləri (8 265 nəfər) olub. Bu 5 ölkədən gələn xarici vətəndaşların sayı yanvar ayı ərzində ölkəmizə gələnlərin 82%-ni təşkil edib.
   2017-ci ilin yanvar ayı ilə müqayisədə say etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr Türkiyə (5 379 nəfər), Gürcüstan (4 480 nəfər), Rusiya Federasiyası (3 774 nəfər) və Birləşmiş Ərəb Əmirlikləri (2 869 nəfər) olub. Bu ölkələrdən gələnlərin sayındakı artım cəmi 16 502 nəfər təşkil edib ki, bu da ümumi artımın 61%-i deməkdir. 
   Keçən ilin yanvar ayı ilə müqayisədə faiz etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr isə Küveyt (540%), Pakistan (316%), Hindistan (234%) və Qətərdir (167%). Bu ölkələrdən Azərbaycana gələnlərin sayında artım ümumilikdə 5720 nəfər, başqa sözlə, ümumi artımın 21%-i qədər olub.
   Ölkə ərazisini ziyarət edən xarici vətəndaşların 130 118 nəfəri (69,9%) kişi, 55 795 nəfəri (30,1%) qadınlar olub.