"Bu gün Azərbaycana muğamı tədqiq edən əcnəbi alimlər gəlir. Lakin onlar muğamı tədqiq edən azərbaycanlı alimlərlə sıx ünsiyyət qura bilmirlər. Bunun da əsas səbəbi bizim alimlərin ingilis dilini zəif bilməsidir".
   Bu fikri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında akademiyanın prezidenti, akademik Akif Əlizadə deyib.
   A.Əlizadə vurğulayıb ki, AMEA-da müvafiq ixtisaslar üzrə magistr qəbulu zamanı bu amil mütləq nəzərə alınmalıdır. AMEA-nın prezidenti internet məkanda folklorumuzla bağlı resursların da zəif inkişaf etdiyini bildirib.
   İclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzəsi dinlənilib. Bildirilib ki, ötən il bölmə üzrə 33 problemin 83 mövzusu üzrə tədqiqat işləri aparılıb, 7-si xaricdə olmaqla 129 kitab çap edilib.
   Ötən il reallaşdırılan tədbir və layihələr sırasında AMEA-da “Ana dilimiz - milli varlığımızdır” müsabiqəsinin keçirildiyi də diqqətə çatdırılıb.