ABŞ-ın Berkli Kaliforniya Universitetində süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin (1921-2017) anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “Qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar” mövzusunda simpozium keçirilib.
   Simpozium Berkli Universitetinin Elektrik mühəndisliyi və kompüter elmləri fakültəsinin maliyyə dəstəyi, Lütfi Zadənin davamçısı və ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovanın təşkilatçılığı ilə keçirilib.
   Simpoziuma dəvət olunanlar arasında ABŞ-ın Texas, Corciya, Vaşinqton, Vircinia ştatlarından, Braziliya, Meksika, Rumıniya, Kanada və Avstraliyadan alimlər, habelə Kaliforniyanın San-Xose, San-Fransisko, Berkli və digər universitetlərinin professorları, Kaliforniyadakı Azərbaycan diasporunun üzvləri olublar.
   Çıxış edənlər Lütfi Zadənin dünya elminə əvəzsiz töhfələrindən, elmi nəzəriyyələrinin tətbiqindən və inkişafından danışıblar. Onu “Dünyanın həqiqi elm vətəndaşı” adlandırıb, alim haqqında xatirələrini bölüşüblər.
   Tədbirdə Lütfi Zadənin elmi fəaliyyəti haqqında film nümayiş etdirilib.