Fevralın 7-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli tarixçi-etnoqraf alim, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, Əməkdar elm xadimi, akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunmuş “Azərbaycanda arxeoloji və etnoqrafik araşdırmalar” mövzusunda elmi sessiya keçirilib.
   AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər arxeoloq və etnoqraflarımızın dünya elminə verdiyi töhfələrdən danışıb.
   Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova “Böyük tarixçi-xalqşünas alim Teymur Bünyadov” mövzusunda məruzə ilə çıxış edib. Diqqətə çatdırılıb ki, T.Bünyadov 35 monoqrafiyanın, “Azərbaycan etnoqrafiyası” üçcildliyinin baş redaktoru və böyük hissəsinin müəllifidir, bir sıra əsərləri xarici ölkələrdə (Türkiyə, Rusiya, İran, Ukrayna, Norveç və s.) nəşr olunub. Onun rəhbərliyi və müəllifliyi ilə “Qəbələ tarixi”, “Qəbələ folkloru” və “Qəbələ etnoqrafiyası” adlı üçcildlik əsər rus və ingilis dillərinə tərcümə edilərək çap olunub. Ölkəmizdə tarixi etnoqrafiya məktəbinin banisi olan T.Bünyadovun rəhbərliyi ilə 10 elmlər doktoru, 30-dan çox fəlsəfə doktoru dissertasiya müdafiə edib.
   Milli Məclisin deputatı Fəttah Heydərov, millət vəkili, akademik Ziyad Səmədzadə, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Xalq şairi Nəriman Həsənzadə, filologiya elmləri doktoru Qəzənfər Paşayev, professor Şirindil Alışanov və digər çıxış edənlər yubilyarı təbrik edib, xoş arzularını bildiriblər.
   Sonda akademik T.Bünyadov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.