Fevralın 7-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron akt zalında “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından növbəti nəşrin - yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”nin təqdimat mərasimi keçirilib.
   AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitabın Ceyhun Hacıbəylinin 125 illiyi haqqında ölkə Prezidentinin 2015-ci il 19 noyabr tarixli sərəncamına uyğun olaraq nəşr edildiyini bildirib. Qeyd olunub ki, yeni nəşr C.Hacıbəyli irsinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.
   Filologiya elmləri doktoru Abid Tahirli “Ceyhun Hacıbəylinin əsərlərinin nəşri tarixindən” mövzusunda məruzə ilə çıxış edib.
   AMEA-nın müxbir üzvü Tehran Mustafayev, filologiya elmləri doktoru Vüqar Əhməd, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, C.Hacıbəylinin fransızdilli ədəbi-elmi irsinin tərcüməçisi Mirzəbala Əmrahov, Ədəbiyyat İnstitutunun Mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Nikpur Cabbarlı və başqaları kitabın məziyyətindən danışıblar.
   Akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə “Elm” nəşriyyatında çapdan çıxmış kitabın məsul redaktoru N.Cabbarlı, tərtibçisi, ön sözün və qeydlərin müəllifi A.Tahirlidir. Kitabda XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan Ceyhun Hacıbəylinin (1891-1962) mühacirət illərində yazdığı bədii-publisistik əsərlər və elmi araşdırmalar yer alıb.