Tələbələrin təqdimatında tamaşa və konsert
   
   Beynəlxalq Muğam Mərkəzində Gilyerme Fiqeyredonun “Ezop” pyesinin tamaşası təqdim edilib. Səhnə əsəri Muğam Mərkəzi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi çərçivəsində reallaşıb.
   Universitet tələbələrinin iştirak etdiyi tamaşanın quruluşu Xalq artisti Cənnət Səlimovaya, musiqisi Cahangir Zülfüqarova məxsusdur.
   Rolları Hilal Dəmirov, Sevgin Rzayeva, Corc Qafarov, Könül Ələkbərova, Orxan İsgəndərli və Məhəmməd Musayev canlandırıblar. 
   * * *
   Beynəlxalq Muğam Mərkəzi ilə Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində daha bir tədbir Fransa və Azərbaycan musiqisinə həsr olunub.
   Tədbirdə bəstəkar Aysel Hacıyeva çıxış edərək universitet tələbələrinin klassik musiqi sahəsindəki uğurlarından danışıb.
   Musiqi axşamında XX əsr fransız musiqi mədəniyyətinin, musiqi impressionizminin önəmli simalarından olan C.Debussinin, L.Delibin, J.Massnenin, K.Sen-Sansın, eyni zamanda, Azərbaycan bəstəkarlarından Q.Qarayev və C.Hacıyevin əsərləri səslənib.
   Əsərləri beynəlxalq müsabiqələr laureatı olan tələbələr Leyla Fərəcova, Aysun Qəmbərova, Nigar Hüseynzadə, Rəşad Kazımov, Sevda Axundova, Leyla Əliyeva, Səbinə Mehdiyeva və başqaları ifa ediblər.