Təşkilat bu il də Azərbaycanla bağlı tədbirlər həyata keçirəcək
   
   Fevralın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə görüşüb.    
   Qonağı salamlayan nazir TÜRKSOY-un fəaliyyətinin bütövlükdə türkdilli xalqların birliyinə xidmət etdiyini vurğulayıb. Bildirib ki, türk mədəniyyətini, xalqlarımızın milli adət-ənənələrini beynəlxalq aləmə birlikdə çıxarmalıyıq.
   TÜRKSOY-un Azərbaycanla əlaqələrinin davamlı olacağına əminliyini ifadə edən Əbülfəs Qarayev UNESCO və İSESCO ilə sıx əməkdaşlıq edən TÜRKSOY-un müxtəlif beynəlxalq forumlarda iştirakını, türkdilli xalqların mədəniyyətinin təbliğində mühüm rolunu diqqətə çatdırıb.
   Görüşdə ölkəmizdə mədəniyyət sahəsində gerçəkləşən yeni tədbirlər, layihələr və islahatlar barədə fikir mübadiləsi aparılıb, Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin 100 illik yubiley tədbirlərinin keçirilməsi barədə söhbət açılıb.
   Xatırladaq ki, TÜRKSOY “2018-ci il anma tədbirləri” çərçivəsində bu ili “Qara Qarayev ili” elan edib. Bununla bağlı ilk tədbir fevralın 15-də Ankarada Qazi Universitetində keçiriləcək. 
   Düsen Kaseinov səmimi qonaqpərvərliyə görə nazirə təşəkkürünü bildirib. Təşkilatın həyata keçirəcəyi layihələr haqqında məlumat verən baş katib bundan sonra da Azərbaycanla bağlı çoxsaylı tədbirlərin reallaşacağını deyib.