Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü, ustad aşıq İsfəndiyar Rüstəmov 2018-ci il fevralın 9-da vəfat etmişdir.
   İsfəndiyar Ədil oğlu Rüstəmov 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində anadan olmuşdur. O, 1954-cü ildə orta məktəbi bitirdikdən sonra həyatını bütövlükdə aşıq sənətinə bağlamışdır. 1958-ci ildə Bakıda keçirilən festivalda birinci dərəcəli diplom və döş nişanı ilə təltif olunmuş, Aşıq Ələsgərin 150 illik yubileyi münasibətilə Bakıda və 1972-ci ildə Moskvada keçirilən tədbirlərdə çıxışları onu bir sənətkar kimi daha da məşhurlaşdırmışdır. İ.Rüstəmov 1975-1977-ci illərdə keçirilən Ümumittifaq festivalında uğurlu çıxışlarına görə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.
   Ömrünün 60 ildən çoxunu aşıq sənətinin inkişafına və təbliğinə həsr edən ustad aşıq 1964-cü ildə Gədəbəydə gənc aşıqları ətrafına toplayaraq aşıq ansamblı yaratmış, uzun illər bu kollektivə və Aşıqlar Birliyinin Gədəbəy rayon şöbəsinə rəhbərlik etmişdir. Onun rəhbərliyi altında Gədəbəy rayon Mədəniyyət evinin “Aşıqlar” ansamblı aşıq sənətinin inkişafı və təbliği sahəsində böyük uğurlar qazanmışdır.
   İ.Rüstəmov dəfələrlə respublika və beynəlxalq miqyaslı tədbirlərin iştirakçısı olmuş, Moskvada keçirilən “Göy qurşağı” festivalı, Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin açılış mərasimi, Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü, Dərbənddə keçirilən “Narınqala” aşıq musiqisi festivalı, Türkiyə, İran və digər ölkələrdəki folklor festivallarında Azərbaycan aşıq sənətini təmsil etmişdir.
   Aşıq İsfəndiyar Rüstəmov 2002-ci və 2004-cü illərdə gənc aşıqların I və II respublika müsabiqələrinin münsiflər heyətinin sədri, 2003-cü və 2005-ci illərdə milli musiqi alətləri ifaçılarının I və II respublika müsabiqələrinin münsiflər heyətinin üzvü olmuşdur.
   Ustad aşıq İsfəndiyar Rüstəmovun əziz xatirəsi yaxınlarının, onu tanıyanların və bütün sənətsevərlərin qəlbində daim yaşayacaqdır.
   Allah rəhmət eləsin.
   
   Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi