Fevralın 10-da Gədəbəy Aşıq məktəbində Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Aşıq İsfəndiyar Rüstəmovla vida mərasimi təşkil edilib. Mərasimə rayonun idarə və müəssisələrinin işçiləri, ictimaiyyət nümayəndələri qatılıb.   
   Gədəbəy Aşıq məktəbinin direktoru Etibar Əliyev ustad sənətkarın ömür yolu və aşıq sənətində xidmətləri haqqında danışıb. 
   Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, Azərbaycan Aşıqlar Birliyinin katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altay Məmmədli, rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov çıxış ediblər. 
   Qeyd olunub ki, Aşıq İsfəndiyar Gəncəbasar aşıq mühitinin Gədəbəy bölgəsində Şair Vəli, Şair Cavad, Aşıq Məhəmmədəli, Aşıq Oruc, Aşıq Ədil, Aşıq Yusif kimi ustad sənətkarların ənənələrinin davamçısı olaraq özünü bacarıqlı təşkilatçı, mahir ifaçı və yaradıcı aşıq kimi tanıdıb. Onun çoxillik fəaliyyəti aşıq sənəti tarixində qalaraq hər zaman xatırlanacaq.