Azərbaycan Prezidenti yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında turizm sahəsində nəzərdə tutulan planlardan danışarkən Qəbələ şəhərinə, eləcə də Qusar rayonu ərazisindəki Şahdağ Turizm Mərkəzinə dəmir yolunun çəkiləcəyini qeyd etmişdi.
   Artıq bununla bağlı layihənin hazırlıqlarına başlanılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Bakı-Yalama dəmir yolu xəttində Xudat stansiyasından sola dönərək Qusarın üzərindən keçməklə Şahdağa qədər olan yolun çəkilişi üçün layihələndirmə işlərinə hazırlıq görülür. Həmçinin Bakı-Yalama dəmir yolu xətti təmir olunacaq, xəttə elektrik qatarları buraxılacaq.
   C.Qurbanov Qəbələ şəhərinə dəmir yolunun çəkilişi planları barədə danışarkən qeyd edib ki, gələcəkdə Qəbələdəki Tufandağ qış-yay istirahət mərkəzi ilə "Şahdağ" kompleksini də dəmir yolu vasitəsilə bir-birinə birləşdirməyi düşünürük.