Azərbaycanın tanınmış tarixçisi, Səfəvilər dövrünün tədqiqatçısı, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin (1926-2013) “Azərbaycan Səfəvilər dövləti” kitabı Türkiyədə nəşr olunub. Böyük marağa səbəb olan kitabı Türkiyə türkcəsinə soydaşımız, tarixçi alim, Karabük Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin bölmə müdiri, dosent Əli Əsgər çevirib. 
   Onun sözlərinə görə, Oqtay Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” kitabı gənc yaşlarında oxuduğu kitablardan biri olub: “Türkiyəyə gəldikdən sonra, yəni təxminən 20 il əvvəl bu kitabı tərcümə etmək istədim. Təbii ki, bu qədər elmi dərinliyi olan bir əsəri tərcümə etmək asan iş deyildi, bu iş yetkinlik, kamillik tələb edir. Nəhayət, bir neçə il əvvəl TEAS Press nəşriyyatının sifarişi ilə kitabı tərcümə etməyə başladım”.
   Həmsöhbətim bildirdi ki, kitabı rus dilində olan variantından çevirib: “Bu tərcümə təxminən ikiillik zəhmətli, eyni zamanda, son dərəcə zövqlü bir işin məhsuludur. “Azərbaycan Səfəvilər dövləti. XVI əsr” kitabı 1981-ci ildə rus dilində yazılıb, 1993-cü ildə Azərbaycan dilinə tərcümə edilib və nəşr olunub. Tərcümə üçün əsas götürdüyümüz kitab 1981-ci ildə rusca yazılmış variantdır. Azərbaycan dilində olan variantda tərcümədən qaynaqlanan səhvlər var. Düşünürəm ki, Oqtay Əfəndiyevin bu kitabı Azərbaycanda yenidən nəzərdən keçirilməli, ciddi elmi redaktədən sonra təkrar nəşr edilməlidir. Yer, şəxs adları, hadisələr və s. ilə bağlı səhvlərə yol verilib. Türkcəyə tərcümə zamanı işimizi çətinləşdirən bir çox məqamlar da bunlarla bağlı idi. Bu işdə Azərbaycan Milli Elmlər Akademiyasında Oqtay Əfəndiyevlə birlikdə çalışmış, alimin yetirmələrindən olan dəyərli tədqiqatçı, həmkarım Namiq Musalıya nə qədər təşəkkür etsəm, azdır. Onun köməyi ilə tərcümə zamanı bir çox texniki xəta, mənbə, hadisə və tarixlərlə bağlı səhvlər aradan qaldırıldı”.
   Əli Əsgər kitabın tərcüməsinin Türkiyədə tarixi araşdırmalar ədəbiyyatına töhfə olacağını dedi: “Şah İsmayılın yaratdığı Səfəvilər dövləti Azərbaycan torpaqlarını birləşdirmək, ölkənin sosial, iqtisadi, siyasi və mədəni inkişafı baxımından olduqca mühüm rol oynamışdır. O.Əfəndiyev müxtəlif dillərdə Orta əsrlər tarixi mətnlərini diqqətlə araşdıraraq dövrün ictimai-siyasi vəziyyəti, təzadlı xüsusiyyətləri, tarixi hadisələrin gedişatı barədə zəngin təəssürat yaratmağa nail olmuşdur. Müəllif Səfəvi xanədanının milli mənşəyi ilə bağlı ayrı-ayrı tarixçilər tərəfindən irəli sürülən iddiaları da dəlillərlə təkzib edərək Səfəvilər sülaləsinin türk əsilli olmasını bir daha sübut edib”.
   Həmsöhbətim bu əsərin Türkiyə türkcəsində çap edilməsinin əhəmiyyəti ilə bağlı başqa məqama da toxundu: “Biz XXI əsrdə yaşayırıq. Osmanlı-Səfəvi müharibələrindən yüz illər keçib. Həmin dövrdə Avropa dövlətləri iki müsəlman və türk dövlətini müxtəlif bəhanələrlə bir-birinə qarşı müharibəyə təhrik etdi, onları zəiflətməyə çalışdı. Artıq türklər həm Azərbaycan, həm də Anadoluda millətləşmə prosesindən keçmiş, milli şüuru yetkinləşmiş bir cəmiyyətdir. Anadolu türklüyü və Azərbaycan türklüyü təbii strateji müttəfiq, dost və qardaş kimi öz birliklərini dəfələrlə sübut etmişlər. Amma, təəssüf ki, hələ də günümüzdə keçmişin qaranlıq düşüncəsindən qurtula bilməmiş insanlarla qarşılaşırıq. Ən təəssüf doğuran odur ki, bu məsələlərlə bağlı səviyyəsiz müzakirələr çox vaxt elmi müstəvilərə keçir. Oqtay Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” tarixi kitabı bu cür məhdud dünyagörüşü olanlara tutarlı elmi cavabdır”. 
   
   Mehparə Sultanova
   Ankara