100 il əvvəl Azərbaycanın da daxil olduğu keçmiş imperiya ərazisində yeni təqvimə keçid gerçəkləşib
   
   1918-ci il fevralın 14-də artıq süqut etmiş Rusiya imperiyası ərazisində yeni təqvim hesablanmasına - hazırda istifadə etdiyimiz Qriqorian təqviminə keçid gerçəkləşib. Əslində, bu keçid 31 yanvarda baş verib. Rusiyada iqtidarda olan bolşevik hökumətinin qərarı ilə (Xalq Komissarları Sovetinin sədri Vladimir Lenin 26 yanvarda xüsusi dekret imzalamışdı) 31 yanvardan sonra təqdim günü 1 fevral deyil, 14 fevral elan edilib. Keçmiş imperiyanın ərazisində, o cümlədən hələ müstəqilliyini elan etməmiş Azərbaycanda da yeni təqvimə keçid de-fakto bu tarixdə reallaşıb.
   Qriqorian təqvimi 4 oktyabr 1582-ci ildə Roma Papası XIII Qriqorinin qərarı ilə elan edilən yeni təqvim hesablanmasıdır. Qərara əsasən, Avropanın katolik ölkələrində təqvimə 10 gün (4 oktyabrdan sonra növbəti gün 15 oktyabr oldu) əlavə edilməklə köhnə Yulian təqvimi aradan qaldırılıb.
   Yulian təqvimi eramızdan əvvəl 45-ci ilin 1 yanvar tarixində Roma imperatoru Yuli Sezarın qərarı ilə qüvvəyə minmişdi. İsgəndəriyyəli yunan astronomu Sozigen tərəfindən tərtib edilmiş Yulian təqvimi 12 ay - 365 gündən ibarət idi. Astronomik hesaba görə isə ilin uzunluğu 365 gün 6 saat idi. Odur ki, hər dörd ildən bir qısa ay olan fevrala 1 gün (29 fevral) əlavə olunurdu.
   Lakin sonralar daha dəqiq hesablamalar nəticəsində məlum oldu ki, bir il, əslində, 365 gün 5 saat 48 dəqiqə 46 saniyədir. İlk baxışdan il üçün 11 dəqiqə 14 saniyə elə də əhəmiyyətli zaman kəsiyi deyil. Amma bu kiçik zaman kəsiyi yüzillərlə toplandıqda günlər edir. Bunu nəzərə alaraq, 1582-ci ildə Papa XIII Qriqori təqvimin təkmilləşdirilməsi (yeni üsulla hesablama) barədə qərar verdi. Avropa və ümumilikdə katolik aləmi ilə bərabər dünyanın böyük hissəsi yeni üsullu təqvimə keçsə də, pravoslav məzhəbli xristianlar Papa Qriqorinin islahatını tanımadılar. Rusiyada bu keçid sovetləşmədən sonra reallaşdı. Hərçənd Rus pravoslav kilsəsi bu gün də köhnə təqvimdən istifadə edir və dini bayramların təqvimi katolik dünyasından 13 gün fərqlənir.