Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələrindən olan “Sirr” (Azərbaycan hekayələri) kitabı Almaniyada işıq üzü görüb. Azərbaycan ədəbiyyatının Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Kamal Abdulla kimi ədəbi simalarının hekayələri toplanmış kitabı alman dilinə almaniyalı və avstriyalı tərcüməçilər - Luts Engel, Helqa Pabl, Sena Doqan, Hilda Tanik, Marion Kubin-Semyonova, Valtraut və Volfram Şröderlər çevirib.
   Nəşrin redaktoru Hans-Yürgen Maurer, ön sözün müəllifi Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartmandır.
   Almaniyanın “Hans-Yürgen Maurer” nəşriyyatında çap edilmiş kitabın Almaniya və Avstriya şəhərlərində təqdimatı keçiriləcək.