TÜRKSOY tərəfindən elan edilmiş “Qara Qarayev ili”nin açılış mərasiminə qatılan Azərbaycan nümayəndə heyəti Ankarada Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yaymanla görüşüb.
   Azərbaycan Milli Kitabxanasından bildirilib ki, görüşdə çıxış edən nümayəndə heyətinin rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Qara Qarayevin yaratdığı dünyaca məşhur əsərlər haqqında nazir müavininə ətraflı məlumat verib. O, dahi bəstəkarın əsərlərinin dünya miqyasında geniş şəkildə ifa olunmasından, dünya musiqi xəzinəsinin incilərinə çevrilməsindən bəhs edib.
   Çıxışının sonunda Firəngiz Əlizadə Qara Qarayevin əsərlərindən ibarət audiodiski nazir müavininə təqdim edib.
   Milli Kitabxananın direktoru, professor Kərim Tahirov da böyük bəstəkarın dünya musiqi mədəniyyəti tarixinə töhfələrindən söz açıb.
   Nazir müavini Hüseyn Yayman Qara Qarayevin bütün Türk dünyasının böyük bəstəkarı olduğunu, onun əsərlərinin dünyada sevilərək ifa edildiyini söyləyib.
   Görüşdə TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş və Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı iştirak ediblər.