Fevralın 24-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində məşhur fotoqraf Sven Marquardtın sərgisi açılacaq.
   “Goethe-Zentrum Baku” tərəfindən “Kapellhaus”a gətirilən “Altar” audiovizual instalyasiya fotoqrafın tanınmış texno-klub fiquru DJ və musiqi prodüseri Marcel Dettmannla əməkdaşlığının nəticəsidir. Onun musiqisi Sven Marquardtın dəyişən şəkillərində sürpriz və emosiyalar arasında balans yaradaraq sərginin ziyarətçilərində Berlinin gecə atmosferini yaşadacaq.
   Sərgi martın 7-dək davam edəcək.
   Qeyd edək ki, son on ildə Sven Marquardt Berlinin gecə həyatının məşhur şəxsiyyətlərini təsvir edən bir fotoqraf kimi tanınıb. O, analoq avadanlıqdan istifadə etdiyi ağ-qara rəngli portretlərində dostlarını, həmkarlarını və yoldaşlarını təsvir edib.