“Azeri Business Awards” mükafatının mehmanxanalarla bağlı nominasiyaları üzrə qaliblər elan edilib. 2009-cu ildən verilən mükafat hər ilin yekununda ən səmərəli və öndə gedən biznes qurumları arasında ictimai rəy əsasında aparılan seçimə görə təqdim olunur.
   Budəfəki sorğu əsasında ilin ən yaxşı xidmət standartlarına cavab verən hotel və hotellər şəbəkəsi nominasiyasında “Qafqaz hotelləri” ilk sıraya çıxıb.
   “Gilan Hospitality Group” Azərbaycanda qonaqpərvərlik və turizm sahəsində idarəçilik xidməti göstərən şirkətdir. Şirkətin tabeliyində olan hotellər Bakı, Qəbələ və Lənkəran şəhərlərində yerləşir.
   Şirkətin idarəçiliyində “Qafqaz Hotels&Resorts” brendi altında fəaliyyət göstərən “Qafqaz Hotelləri”, “Pullman Baku” hoteli və “Chenot Palace Qəbələ” hotelləri ilə yanaşı, Heydər Əliyev adına Qəbələ Konqres Mərkəzi və “Qəbələnd Əyləncə Parkı” da var.
   * * *
   "Excelsior Hotel & Spa Baku" hoteli isə ilin hotel və SPA nominasiyası üzrə "Azeri Business Award 2017" milli mükafatına layiq görülüb.
   "AtaHolding" ASC-dən bildiriblər ki, mükafat hotelin baş meneceri Turhan Poyraza təqdim edilib. O, bildirib ki, hotel Azərbaycanda turizmin inkişafına öz töhfələrini verməyə çalışır. Hotelin təşkilatçılığı ilə ötən il "Baku Fashion 2017" tədbiri, turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müxtəlif mövzularda seminarlar və digər tədbirlər keçirilib.