Fevralın 15-də incəsənət xadimləri Quba şəhər qəbiristanlığında Xalq artisti Zərnigar Ağakişiyevanın məzarını ziyarət ediblər. Sənət dostları mərhum sənətkarın məzarı önünə gül dəstələri düzüb, xatirəsini anıblar.
   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini Aqil Bəhramlı, xalq artistləri Hacı İsmayılov, Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Valeh Kərimov, əməkdar artistlər Hicran Nəsirova, Əli Nur, Elxan Quliyev, Sənubər İsgəndərli və mərhum aktrisanın digər sənət yoldaşları Zərnigar Ağakişiyevanın yaratdığı unudulmaz obrazlarla tamaşaçıların rəğbətini qazandığını bildiriblər.
   Fevralın 9-da 73 yaşında dünyasını dəyişən Z.Ağakişiyeva vəsiyyətinə uyğun olaraq Quba şəhər qəbiristanlığında, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.