Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin türkcə (azərbaycanca) “Divan”ının əlyazmasının surəti UNESCO-nun “Dünya Yaddaşı” reyestrinə daxil edilib.
   Bu barədə UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahından AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin adına göndərilən məktubda bildirilir.
   UNESCO-nun Universal çıxış və qorunma sektorunun müdiri Boyan Radoykov tərəfindən göndərilən məktubda deyilir: “Dünya Yaddaşı” Proqramının Beynəlxalq Məşvərət Komitəsinin tövsiyəsi ilə Komitənin 2017-ci il oktyabrın 24-dən 27-dək keçirilmiş 13-cü iclasında Baş direktor tərəfindən Məhəmməd Füzuli “Divan”ının əlyazmasının surətinin “Dünya Yaddaşı” Proqramı Reyestrinə əlavə olunmasının təsdiqlənməsi haqqında məlumatı verməkdən məmnunluq duyuram. Baş direktor tərəfindən imzalanmış sertifikatı sizə göndəririk. Bu sənədli irsin “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilməsi onun müstəsna dəyərini əks etdirir və bəşəriyyət üçün qorunmasının əhəmiyyətini vurğulayır”.
   Məktubda Azərbaycan tərəfi Mədəni İrs Ofisinin xüsusi mərasimində və ya digər müvafiq tədbirlər təşkil edərək xatirə lövhəsi vasitəsilə sertifikatın “Dünya Yaddaşı”nın bir hissəsi kimi təyinatını ictimaiyyətə açıqlamağa dəvət olunur.
   Əlyazmalar İnstitutundan bildiriblər ki, haqqında söhbət gedən əsər Füzulinin türkcə (azərbaycanca) “Divan”ının ən mötəbər nüsxəsi sayılan, 1572-ci ildə üzü köçürülən Bakı əlyazmasıdır.
   Ölkəmizin mədəniyyəti və elmi üçün böyük əhəmiyyət daşıyan bu əlamətdar hadisənin təqdimat mərasimi AMEA və UNESCO-nun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçiriləcək.