AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstanın Milli Muzeyi arasında əldə olunan razılığa əsasən, 2018-ci ilin may-iyun aylarında Bakıda “Böyük Çölün irsi: zərgərlik sənətinin şedevrləri” mövzusunda sərgi təşkil olunacaq. İlk dəfə olaraq Azərbaycana Qazaxıstan zərgərlik sənətinin 140-dək nümunəsi, o cümlədən məşhur “Qızıl adam”ın tam geyimi gətiriləcək.
   Qazaxıstanın simvollarından hesab olunan “Qızıl adam” tamamilə qızıldan düzəldilmiş sak döyüşçüsüdür. 1969-cu ildə Qazaxıstan arxeoloqu Kamal Akişev tərəfindən aşkarlanan “Qızıl adam” bəşəriyyətə qədim türk tayfalarının unikal mədəniyyətinin yeni səhifəsini açıb. Döyüşçü ilə birlikdə qiymətli metallardan düzəldilmiş minlərlə əşya, geyim elementləri, məişət əşyaları, runik yazı fraqmentləri aşkarlanıb. Ötən ilədək Qazaxıstan arxeoloqları qızıl geyimli daha yeddi belə döyüşçünü aşkara çıxarıblar ki, bu da Avrasiyanın çöl mədəniyyəti haqqında təsəvvürləri tam dəyişib.
   “Böyük Çölün irsi: zərgərlik sənətinin şedevrləri” sərgisi Milli Azərbaycan Tarixi Muzeyinin sərgi zalında təşkil olunacaq.