Mədəniyyət və turizm naziri “Bakı Prosesi”nin 10 illik yubiley təqdimatı ilə bağlı Böyük Britaniyanın Koventri şəhərində səfərdədir
   
   Azərbaycan Respublikası Prezidentinin mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin 10 illiyinin qeyd olunması ilə bağlı 17 noyabr 2017-ci il tarixli sərəncamı ilə əlaqədar il ərzində müxtəlif ölkələrdə və tərəfdaş beynəlxalq təşkilatların baş qərargahlarında təqdimatların keçirilməsi planlaşdırılır.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Koventri Universitetində və universitetin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunda “Bakı Prosesi”nin 10 illik yubileyi ilə bağlı təqdimat mərasiminin keçirilməsi məqsədilə Böyük Britaniyanın Koventri şəhərində səfərdədir.
   Səfər çərçivəsində nazir Əbülfəs Qarayev Koventri Şəhər Şurasının icraçı rəhbəri Martin Reeveslə görüşüb. 
   Görüşdə Koventrinin 2021-ci il üçün Böyük Britaniyanın mədəniyyət şəhəri seçildiyi və bununla bağlı qarşıdakı 4 il ərzində şəhərlə bağlı mədəni, sosial və iqtisadi layihələrin həyata keçiriləcəyi vurğulanıb. 
   Nazir ölkəmizdə həyata keçirilən beynəlxalq mədəniyyət və idman tədbirləri, Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunması, eləcə də ölkə daxilində şəhər və rayonların müxtəlif kateqoriyalar üzrə “mədəniyyət paytaxtı” elan edilməsi təcrübəsi barədə məlumat verib.
   Daha sonra Azərbaycan Respublikası Prezidentinin “Bakı Prosesi” təşəbbüsünə toxunan nazir bu qlobal layihənin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa töhfələrini, Koventri Universiteti ilə əməkdaşlığın istiqamətlərini qeyd edib. Martin Reeves öz növbəsində Koventri şəhərində 100-dən çox millətin nümayəndələrinin yaşadığını, şəhərə böyük miqrasiya axınının olduğunu, buna görə də universitet ilə miqrantların inteqrasiyası, anlaşma və dialoq məsələləri ilə bağlı birgə layihələr həyata keçirildiyini bildirib. 
   Nazir Əbülfəs Qarayevin Koventri Nəqliyyat Muzeyinin nəqliyyat və mühərriklər üzrə kuratoru xanım Liz Chard-Cooper və Koventri Sosial Təsisatlar Universitetinin sahibkarlığın inkişafı üzrə rəhbəri xanım Carole Donnelly ilə görüşləri də keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.