Fevralın 17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Macarıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Çexiya, Slovakiya və Polşa səfirliklərinin iştirakı ilə “V4 Music” adlı konsert proqramı təqdim olunub. Tədbiri BMA-nın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova açaraq qonaqları salamlayıb. 
   Macarıstanın səfiri Viktor Sederkenyi çıxış edərək akademiyanın rektoru, professor Fərhad Bədəlbəyliyə tədbir üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
   Konsertdə solistlər qismində Klara Babel (arfa) və Zalan Kovacs (truba) çıxış ediblər. Proqramda Kşiştof Penderetski, Smetana, Marin Marais, Frederik Şopen və başqa müəlliflərin əsərləri səsləndirilib. 
   Tədbirdə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka, müvəqqəti işlər vəkili Kristian Kamill, Slovakiya səfiri Peter Priputen, Polşa səfiri Marek Calka iştirak ediblər.
   Konsert proqramı zalda əyləşən bütün dinləyiciləri heyran edərək gur alqışlarla sona çatıb.