“Sankt-Peterburqun Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai qurumu Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar və dirijor İsmayıl Hacıyevin “Sevgi yolları” adlı konsertini təşkil edib. 
   Sankt-Peterburq Millətlər Evində baş tutan konsertin proqramına İsmayıl Hacıyevin simfonik əsərləri daxil edilib. Tamaşaçılar Azərbaycan bəstəkarının musiqisi ilə təmasda olmaqdan əlavə, həm də milli təamlarımızı dadmaq imkanı əldə ediblər. 
   İsmayıl Hacıyev görkəmli bəstəkar Cövdət Hacıyevin və məşhur rəqqasə, baletmeyster Əminə Dilbazinin ailəsində anadan olub. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını, daha sonra N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının opera-simfonik bölməsini fərqlənmə diplomu ilə bitirib. Kanadada yaşayan bəstəkar Azərbaycan musiqisinin və muğamın təbliğatçısı, Niaqara “İpək Yolu” Beynəlxalq musiqi festivalının rəhbəridir.