Fevralın 18-də Şahdağ Turizm Mərkəzində artıq üçüncü dəfə “Xalçaların şahı” (“Red Bull Shakh Carpet”) əyləncəli idman yarışı gerçəkləşib.
    Maraqlı konsept, fəndin (tullanmanın) yerinə yetirilməsi, geyimlərin kreativliyi ilə fərqlənən 18 komandanın qatıldığı müsabiqədə münsiflər heyəti üç meyar üzrə qalibləri seçib. 
   Ən yaxşı tullanmaya görə “Super liqa”, kostyumların və çıxışın kreativliyinə görə “Kalambur”, tamaşaçı simpatiyasına görə isə “Hit parad” komandaları birinci olub.
   Yarışmanın mahiyyəti ondan ibarətdir ki, maskarad kostyumu geyinən iştirakçılar, hazırladıqları qeyri-adi qurğularla dağdan eniş edərək sonda soyuq su ilə dolu hovuza düşürlər.
   İştirakçılar sonu 80 sm hündürlüyə malik tramplinlə bitən 80 metr məsafəni qət edirlər. Müsabiqə üçün xüsusi olaraq hazırlanan nəqliyyat vasitələrində əsas element xalçadır.
   Əyləncəli yarış Şahdağ Turizm Mərkəzində dincələn yerli və əcnəbi turistlər tərəfindən maraqla qarşılanıb.