Sakit... Məşq gedir! 
   
   ...Qırmızı pərdənin arxasında dayanmış insanları görmürük. Amma əl izləri pərdəni qabardır. Musiqinin tempi ilə hərəkət edən əllər gah yuxarı, gah aşağı sürüşür. Bu səhnənin qurulduğu məqamda salonda idik deyə, öz-özümə çaşıram. Deyəsən, bayaq pərdə ağ rəngdəydi axı. Doğrudan da, insanları salondan görünməz edən pərdə ağ rəngdədir, sadəcə, səhnəyə salınan işıq onun rəngini dəyişir. Birdən pərdə bərkidildiyi yerdən qopub düşür. Onun arxasında mühacir olduğu anlaşılan əli çamadanlı, bağlamalı bir dəstə insan görünür. Gəmi trapını xatırladan iri, enişli podiumun üstündə dayanmış insanların əl yükləri irəli sürüşür, özləri də səndirləyə-səndirləyə, bir-birinə toxuna-toxuna aşağı enirlər... 
   Sovet hökuməti qurulan zaman Rusiyadan gücü çatan qədər yüklə baş götürüb gedən ziyalıların, əsilzadələrin mühacirət həyatına başladıqları epizodların yer aldığı filmlərdəki görüntülər yada düşür. Artıq pərdənin rəngdən-rəngə düşməsinin səbəbini də özün üçün aydınlaşdırırsan... 
   Pərdənin rəngi bir rəmzdir. Onlar vətəndə qalsaydılar da, getsəydilər də, ağ kəfən ilgək kimi boğazlarına dolaşmaqda idi... O ki qaldı qırmızıya, qırmızıların hakimiyyətinə, insanlar arasına çəkdiyi dəmir pərdəyə qalib gəlmək, onu dəlmək üçün xeyli zaman lazımdı... 
   Çəpəki gəmi trapından sahiblərindən öncə sürüşüb düşən əl yükü də mühacirlərin itirdikləri mal-mülkləri, mənəvi dəyərləridir. Bu trapdan yumşaq hərəkətlə, iki ayaq üstə düşmək də yeni həyata rahat uyğunlaşmaq, yıxıla-əzilə enmək isə mühacir həyatının asan olmayacağına işarə kimi də yozula bilər... Yozmaq deyəndə adamın ağlına ilk gələn yuxular olur. Bəli, bəzən röya dediyimiz, yatarkən gördüyümüz yuxular...
   
   Elə məşqinə gəldiyimiz tamaşa barədə məlumatlı olduğumuzdan deyə bilərik ki, quruluşçu rejissor əsərin ruhunu düzgün yozub, quruluşçu rəssam da onun nə demək istədiyini dəqiq əks etdirib.
   Söhbət Azərbaycan Dövlət Musiqili Teatrında səhnəyə qoyulan «Nuri-didə Ceyhun» tamaşasından gedir. Bəli, bütün həyatı boyunca Azərbaycan milli mədəniyyətinə, Azərbaycanın müstəqilliyinə xidmət etmiş, yalnız vətənimiz ikinci dəfə əbədi müstəqilliyinə qovuşduqdan sonra halal haqqı tanınmış Ceyhun Hacıbəyliyə həsr olunmuş tamaşadan bəhs edirik. 
   
   Məşqdəki fasilədən istifadə edib tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadəni söhbətə çəkirik. Hər necə olsa, bu tamaşa həm də Ceyhun bəyin obrazının səhnədə ilk təcəssümü olaraq da maraqlıdır. 
   
   - Bu layihənin ideya rəhbəri Musiqili Teatrın direktoru Əliqismət Lalayevdir. O, məni tamaşa qoymağa dəvət edəndə təklif etdim ki, işlədiyim janrları nəzərə alsın. O zaman Ceyhun Hacıbəylinin «Bir il xəyallarda və bütöv bir ömür» adlı bir əsəri meydana çıxmışdı. Əliqismət müəllim həmin əsəri səhnədə görmək istəyirdi. Oxudum, gördüm ki, qəlbi vətənlə qürbət arasında çırpınan bir insan öz yuxularını alleqorik-mistik bir əsər olaraq qələmə alıb. Bu əsəri oxumaq olar, amma onu səhnədə oynamaq, göstərmək qeyri-mümkündür. Belə qərara gəldik ki, Ceyhun Hacıbəyliyə ithaf edilən bir pyes yazılsın. Yazıçı-dramaturq Əli Əmirli bu işi öhdəsinə götürdü. Əsər yazıldı. Pyesi oxuduqdan sonra, Əli müəllim sağ olsun ki, mənim istəklərimi nəzərə aldı. Sonradan yenə də müəllifin razılığı ilə mətn üzərində bir qədər də işlədim və məşqlərə başladıq. 
   
   - Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 ilini qeyd etdiyimiz zamanda Ceyhun Hacıbəyliyə həsr olunmuş pyesin səhnəyə çıxışı ikiqat əlamətdardır. 
   - Təsəvvür edirsiniz, biz pyesi seçəndən, onun üzərində işə başlayandan sonra Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Prezidentinin sərəncamı verildi. Məlum oldu ki, biz vaxtında belə bir işə başlamışıq. “Nuri-didə Ceyhun" pyesi vətənpərvərlik ruhunda olan bir əsərdir və bu tamaşanın hər məqamında, dekorasiyalarında belə Ceyhun bəyə ithaf görünür. 
   
   - Musiqi seçimində ilk səhnələrdə xorun “Leyli və Məcnun" operasından oxuduğunu eşitdik... 
   - Bəli, tamaşada Üzeyir Hacıbəylinin musiqisi səslənir. Amma pyesin ruhunu tamamlamaq üçün başqa musiqi parçalarından da istifadə etmişik. 
   
   - Hər tamaşanın səhnədə görünməsinin bir məqsədi var, salona ötürəcəyi ismarış olmalıdır... 
   - Bu tamaşada vətən həsrəti ilə yaşayan və onun istiqlalı uğrunda mücadilə aparan insanın ürək çırpıntıları, qəlbinin səsini eşitməmiz mütləqdir. Vətənsiz qalmaq kimi bir aqibət var. Ceyhun bəy də ömrü boyu vətən həsrəti ilə yaşayıb, çalışıb. 
   Amma əfsanəvi qəhrəman Sizif kimi əməyinin bəhrəsini görməyib. Biz isə gördük. Onun həyatı, acıları, nisgili və məşəqqətli zəhmətinin müqabilində əldə etdiyimiz MÜSTƏQİLLİYİ biz gördük! Təbii ki, əgər biz bu gün müstəqil dövlətdə yaşayırıqsa, Ceyhun bəyin, onun kimi qürbətdə vətən fədaisi olaraq çalışmış soydaşlarımızın əməyi tam hədər getməyib. Bizim tamaşamızın da qayəsi haqqında çox şeyi bilmədiyimiz Ceyhun bəyin tanıtımıdır. Yəni «Nuri-didə Ceyhun» tamaşası böyük konfliktlər üzərində qurulmayıb. Baş qəhrəmanın şəxsi, ailə faciəsi, həsrəti və nisgili ilə paralel Azərbaycanın gələcəyi, onun müstəqil bir ölkə kimi tanınması naminə etdiyi cəhdlər üzərində qurulmuş tamaşa daha çox insanla zaman arasında münaqişənin əksidir. 
   
   - Ceyhun Hacıbəyli Azərbaycan milli mədəniyyətində böyük xidmətləri olmuş şəxsiyyətdir. Biz çox sonralar bildik ki, «Leyli və Məcnun» operasının, «O olmasın, bu olsun», «Arşın mal alan» operettalarının tamaşaya hazırlanmasında, hətta mətnlərinin yazılmasında o, Üzeyir bəyin ən yaxın silahdaşı olub... 
   - Haqlısınız. Amma tamaşada Ceyhun bəyin yaradıcılığından daha çox Parisdə Azərbaycan adına fəaliyyətindən söhbət açılır. Azərbaycan nümayəndə heyətinin misilsiz səyi nəticəsində Paris Sülh Konfransının qərarına əsasən Xalq Cümhuriyyətini müstəqil dövlət kimi tanınması qeyd edilir. Bizim qəhrəman Ceyhun Hacıbəyli olduğundan bu bir ümumiləşdirilmiş obraz olaraq təqdim edilir. O, vətəninin müstəqilliyi uğrunda çarpışır və bu fəaliyyəti ilə də artıq başqa siyasi quruluşda yaşayan vətənə gələn yollarını bağlayır. Vətən naminə çalışaraq səni vətənə aparacaq yolları bağlamaq çox ciddi insan faciəsidir. 
   
   ...Məşq davam edir. Artıq Parisdə yaşayan, hər şeyə rəğmən qürbətdə vətən naminə çalışmalarına ara verməyən Ceyhun bəy (Əməkdar artist Pərviz Məmmədrzayev) bir də yuxularında anası (Xalq artisti Fatma Mahmudova), qardaşı Üzeyir Hacıbəyli (Elçin İmanov) ilə görüşür. Tamaşada digər rollarda Gülnarə Abdullayeva (Zöhrə), Ülviyyə Əliyeva (Sayad), Nicat Həbibov (Ceycik), Mehriban Zalıyeva (Karmen), əməkdar artistlər Şövqü Hüseynov (Frençli kişi) və Anton Ferşdant (müsyö Kambon), həmçinin Nadir Xasıyev, Şaban Cəfərov və Firuz Məmmədov (Fraklılar - nümayəndə heyəti) məşğuldur. 
   Üzeyir bəyin kiçik qardaşına yazdığı bütün məktubları başladığı "Nuri-didə Ceyhun" (gözümün işığı Ceyhun) xitabının ad olaraq seçildiyi tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayevadır. 
   * * * 
   Yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun" pyesi, quruluşçu rejissor Mehriban Ələkbərzadənin sözləri ilə desək, müstəqil Azərbaycanın fədaisi Ceyhun Hacıbəylinin ilk tanıtımıdır. Bu tanıtım, əslində, bir əsr gecikib. Bəlkə də belə yaxşıymış. Sovetlərin ideoloji basqısı üzündən vətən fədaisini yanlış yöndən tanıyıb sonradan vicdan əzabı çəkməkdənsə gec də olsa, ilk dəfədən olduğu kimi tanıtmaq və tanımaq daha düzgündür. 
   Elə isə Musiqili Teatrın Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşına sənət hədiyyəsi olacaq tamaşa ilə, Ceyhun bəyin obrazı ilə nə zaman tanış olacağıq? Afişaları izləyin. 
   
   Gülcahan Mirməmməd