Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Litvada səfərdə olub. Səfər zamanı paytaxt Vilnüsdə Azərbaycan xalq sənəti və milli mətbəx nümunələrinin təqdimatı keçirilib, ölkəmizin regionlarının turizm imkanlarından söz açılıb.
   Ölkəmizin Litvadakı səfirliyindən verilən məlumata görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə müvəqqəti işlər vəkili Atəş Qırxıyev çıxış edib. O, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Litva Respublikasının 100 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb, ikitərəfli əlaqələrdən danışıb.
   Diplomat Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin Litvada işgüzar səfərdə olduğunu, bu ölkənin Vilnüs, Druskininkay, Trakay, Briştonas şəhərlərində görüşlər keçirdiyini vurğulayıb. Qeyd edib ki, nümayəndə heyətində yer alan Gəncə, İsmayıllı, Şəmkir, Kürdəmir, Biləsuvar regional mədəniyyət və turizm idarələrinin rəhbərləri Litvanın turizm potensialının idarə olunması, marketinqi kimi sahələrdə təcrübə mübadiləsi aparıblar.
   Konsert proqramı ilə davam edən tədbirdə litvalı musiqiçilər Azərbaycan və Litva mahnılarını səsləndiriblər.
   Sərgi barədə yerli mediada xəbər və reportajlar yayımlanıb.