Bədii qiraət müsabiqəsi davam edir
   
   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mərkəzi kitabxanalarında mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi davam edir.
   Şəki şəhər Mərkəzi kitabxanasında müsabiqənin I turunun ilk mərhələsi keçirilib. Müsabiqədə 23 məktəbli iştirak edib. Bu mərhələdə fərqlənənlər müsabiqənin növbəti mərhələsində mübarizə aparacaq. 
   Balakən rayon Mərkəzi kitabxanasında da “Nəsimi poeziyası” bədii qiraət müsabiqəsinin I turu keçirilib. Müsabiqəyə rayon və kənd məktəblərindən 42 şagird qatılıb. Şagirdlər Nəsiminin şeirlərindən nümunələr səsləndiriblər. Münsiflər heyətinin rəyinə əsasən I turun ikinci mərhələsi üçün 17 nəfər seçilib. İkinci mərhələnin fevral ayının sonlarında keçirilməsi nəzərdə tutulub.
   
   Kitab ən gözəl hədiyyədir
   
   Qusar rayon Mərkəzi kitabxanasında 14 fevral - Beynəlxalq kitab bağışlama gününə həsr olunmuş tədbir keçirilib.
   Tədbirdə MKS-nin direktoru Zahir Mustafayev, Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, Dövlət Rəsm Qalereyasının direktoru Nərminə Lacınova, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xatirə Nağıbəyova və digər çıxış edənlər mütaliə vərdişlərinin kiçik yaşlarından ailədə təşviq olunmasının vacibliyi, Beynəlxalq kitab bağışlama gününün əhəmiyyəti barədə söz açıblar. Kitabın insanlar arasında ünsiyyətdə ən gözəl hədiyyə olduğu vurğulanıb.
   Mərkəzi kitabxana tərəfindən bütün iştirakçılara kitablar bağışlanıb.
   
   “Açıq qapı” günü 
   
   Qax rayon MKS-nin Almalı kənd kitabxana filialında kənd ziyalılarının, məktəblilərin iştirakı ilə “açıq qapı” günü təşkil olunub.
   Kitabxana filialının müdiri G.Abdullayeva 21 fevral - Beynəlxalq ana dili günü haqqında danışıb. Bildirib ki, hər bir millətin varlığının mühüm amillərindən biri onun ana dilidir. Tarix boyu başı bəlalar çəkmiş Azərbaycan xalqı repressiyalara məruz qalsa da, əlifbası bir əsrdə üç dəfə dəyişdirilsə də, ana dilini qoruyub saxlayıb.
   Tədbirdə kənd orta məktəbinin tarix müəllimi Nemət Əliyev 26 fevralda növbəti ildönümü olacaq Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verib. Faciə qurbanlarının xatirəsi yad olunub.