yaxud "Quş dili"n sən tərcüman etmək dilərsən...
   
   Kiməsə, əsasən də bir uşağa, yeniyetməyə dil öyrənməyin fəzilətlərini sadalayanda adətən, belə deyirlər ki, neçə dil bilirsənsə, bir o qədər də çox adamsan. Əcəba, görəsən, bu məsləhəti eşidəndə dildən zirəklər, hazırcavablar belə bir sual veriblər ki, bir neçə adam olmaq mənim nəyimə gərəkdir? Ya da soruşan olub ki, bəs quş dili necə, bir neçə adam olmağa imkan verər?.. 
   Şəxsən mən “quş dili” ifadəsinə də nağıllarda rast gəlmişəm, “qarğa dili” adıyla sözləri tərsinə çevirib danışmağa cəhd göstərənləri isə bekar, işsiz-gücsüz adam sanmışam deyə, bu dillə də maraqlanmamışam. Görünür, quş dilini "Quş dili" kimi təqdim etmək lazımmış ki, ona münasibətim dəyişsin... 
   Söhbət tanınmış yazıçı-publisist Təranə Vahidin hekayələri əsasında "Yuğ" Dövlət Teatrında hazırlanmış "Quş dili" tamaşasından gedir. Tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyevdir. 
   Həmişə Təranə xanımın hekayələrini, esselərini oxuyanda düşünmüşəm ki, kaş bu yazılar ruhu incə, zövqü gözəl, özü də kompüter qrafikasını beş barmağıtək bilən bir animasiya rejissorunun əlinə düşə, ona ilham verə! Bax, o zaman oxuduqlarımızın ruhumuzu necə ələdiyinin təsvirini bəlkə istədiyimiz qədər görə bildik. Amma demə, bunu teatrda da göstərmək olarmış. Təbii ki, bu dəfə də quruluşçu rejissorla aktyorlar öz gördüklərini göstərəcəklər və bu, sizin görmək istədiyinizlə eyni olmaya bilər. 
   Bəs biz tamaşada nələri gördük? Əvvəlcə ucqar dağ kəndində qışın oğlan çağında, kiçik çillədə ölən Cırtqoz Veysəlin meyiti ortada qalmasın deyə buzu sındırıb yer qazan Bağbanın da ölümünün yaxınlaşdığını... Axı, niyə Bağban kəndin digər kişilərindən irəli düşmüşdü?.. Qazıb basdırmağı yaxşı bacarır, ona görə? Amma, onun bu çağacan torpağa basdırdıqları göyərmək, ucalmaq, bar vermək üçün yer altına getmişdi axı... 
   Zərli saplardan imitasiya olan şəlalədən su içən Bağban xəstələnir. Onun üstünə örtülən ağ ipək parça səhnə boyu ləpələnir... Hə, hə, ləpələnir... Ləpələrin qarşısındasa bir oğlan görünür... Balıqçı oğludur. Dünyanın ən acı həqiqətini bu dünyaya gələndən yaşayan, qismətinə düşən ən böyük ədalətsizliyi üstələməyi bacarmayan zəhmətkeş Balıqçı oğlu. Özü demişkən, gözü dənizdə, ayağı suda olub həmişə. Özünün də, atasının da. İndisə evin çörək gətirəni odur. Nə idi həmin ədalətsizlik? Düşünürmüş ki: "Niyə ömrünü-gününü dənizdə keçirən balıqçının qazanında həmişə xırda balıqlar qaynayır? Vaxt tapıb bu sualı gündən yanmış, dodaqları bir-birinə qapanmış, gülüşü yadırğamış atama verməyə macal tapmadım. Onun taleyi də, bütün balıqçıların taleyi kimi oldu... Bir gün səhər evdən çıxdı, bir daha geri qayıtmadı. Dəniz çəkib apardı onu". Bu yerdə rejissor tapıntısı - bayaqkı kəfən timsallı ağ parçanın niyə dənizə çevrildiyini bildinizmi? Dəniz təkcə çörək mədəni yox, həm də əlini çörəyə çatdırdıqlarının mədfənidir... 
   ...Ata yolunu davam etdirən cavan Balıqçı bir gün toru dolu evə qayıdır. Anasına iri bir balığı verib deyir ki, bişir. Ana "onun müştərisi var, oğlum. Bayaq gəlmişdi... pulu da bax, ora qoyub" cavabını verir... 
   Bu da cəmiyyətdəki ədalətsizliyin ən böyüyü olsun gərək... Zəhmətinin ən iri bəhrəsini, ən dadlısını pul gücünə də olsa, əlindən alacaqlar. Təknənin dibində iki-üç xırda-para balıq qalanda illər uzunu sənə rahatlıq verməyən qəliz sualın cavabını tapırsan və içini əzən həmin cavabla da ömrünü yaşayırsan... 
   Cavan Balıqçıya bütün məxluqatın dilini anladan quş dili bilmək vergisi verildikdə isə o, insan cəmiyyətinin gəmiriciliyi, vəhşiliyi ilə üzbəüz qalır. Vergili olub bu istedadından bəhrələnmədiyi üçün onu polis bölməsinə aparırlar. Balıqçıya nələr vəd olunmur?!. Onun üçün hansı planlar cızılmır?!. Amma Balıqçı heç bir dil bilmədiyini söyləyib canını qurtarır. Necə deyərlər, bilmirəm, canım rahat! Bəlkə də vergili olduğunu bildiyi gün Qarışqanın "Ey mənim Allahım! Ya Rəbbim, biz də sənin məxluqunuq və sənə möhtacıq. Bizi Adəm övladlarının günahlarına görə həlak eləmə!" duasının təsirindən vicdanının əksinə getmir? 
   "Quş dili" tamaşasında altı aktyor - üç kişi, üç qadın iştirak edir: Natəvan Qeybani, Qasım Nağı, Təranə Ocaqverdiyeva, Elgün Həmidov, Elşən Əsgərov və İlahə Məmmədzadə səhnələr dəyişdikcə cilddən-cildə düşür, ən sadə əlbisə və səhnə yaraqlarının köməyilə obrazdan-obraza keçirlər. Bütün yaxşı tamaşalarda olduğu kimi, hansı aktyorun hansı səhnədə daha yaxşı çıxış etdiyini "Quş dili" tamaşasında da demək çətindir. Amma mətn, obrazların düşdüyü situasiyalar baxımından təcrübəli Qasım Nağı ilə gənc Elşən Əsgərovun tamaşada ifa yükü daha ağırdır və hər iki aktyor onu sonadək eyni çəkidə daşıyır. 
   Tamaşada cavabını gözləyən suallar çoxdur. Əslində həmin cavablar elə suallar kimi tamaşanın özündədir. Gərək onu diqqətlə seyr edəsən ki, həmin cavabları tapasan. Axtardığın cavablar tez tapılmasa da, sonradan həmin cavablara dolayısı da olsa, gələcəksən! 
   "Quş dili" teatr tamaşasından daha çox bir ovqat, düşüncə seyridir. Nəsiminin məşhur qəzəlində deyildiyi (“Quş dilin sən tərcüman etmək dilərsən...”) kimi, nələrinsə, içində baş verən hansı təbəddülatlarınsa cavabını öyrənmək üçün "Quş dili"ndən tərcüman olaraq bəhrələnməyə dəyər. 
   
   Gülcahan Mirməmməd