Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı filialında nəğməkar şair, dramaturq İslam Səfərlinin 95 illiyi münasibətilə “Şairi söz ucaldır” adlı dəyirmi masa təşkil edilib.
   Əvvəlcə tədbir iştirakçıları İslam Səfərlinin əsərlərindən ibarət “Pıçıldaşan ləpələr” adlı kitab sərgisi ilə tanış olublar.
   Dəyirmi masada şairin yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, 18 kitab müəllifi olan İslam Səfərlinin sözlərinə yazılmış “Bakı, sabahın xeyir”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı”, “Ana”, “Aylı gecələr” və s. mahnılar dillər əzbəridir. Ədibin “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı” və s. əsərləri müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.
   Tədbirdə İslam Səfərlinin tərcüməçilik fəaliyyətindən də söz açılıb. Məktəblilər şairin şeirlərindən nümunələr söyləyiblər.
   * * *
   Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Əlağa Vahid adına 293 nömrəli məktəbdə isə tanınmış qəzəlxanın həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib. 
   Tədbirdə çıxış edənlər bildiriblər ki, gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edərək ilk şeirlərini yazan Əlağa Vahid Azərbaycan ədəbi mühitinə misilsiz töhfələr bəxş edib. Klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəst-xətti ilə seçilən, qəzəlləri və satirik şeirləri xalq arasında yayılan, dahi Füzulini özünün böyük ustadı adlandıran Əlağa Vahidin əsərləri bu gün də sevilərək oxunur. 
   Tədbir ədəbi-bədii hissə ilə davam edib.