Şirvan şəhər Mərkəzi kitabxanası və şəhər 21 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 21 fevral - Beynəlxalq ana dili günü münasibətilə “Ana dilim şirindir” adlı ədəbi-bədii tədbir keçirilib. 
   Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri İlhamə İmanova əlamətdar günün tarixi haqqında məlumat verib. Bildirib ki, Beynəlxalq ana dili günü UNESCO Baş konfransının 1999-cu ilin noyabrında keçirilən 30-cu sessiyasında təsis edilib və dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. 
   21 nömrəli tam orta məktəbin müəllimi Nazilə Tağızadə ana dili haqqında öz fikirlərini bölüşüb.
   Tədbirdə Emin Sabitoğlunun “Şirin dil” mahnısı, Tofiq Bayramın “Ana dilim” şeiri səsləndirilib. 
   * * *
   Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bu fikir Beynəlxalq ana dili günü münasibətilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda səsləndirilib.
   Heydər Əliyev Mərkəzinin və Mərkəzi kitabxananın birgə təşkil etdikləri tədbirdə mədəniyyət və təhsil işçiləri, ziyalılar, gənclər iştirak edib.
   Rayon MKS-nin direktoru Gülniyar Məmmədova ana dilimizin keçdiyi inkişaf mərhələlərindən danışıb. Bildirilib ki, ana dili hər bir xalqın mənəviyyatının güzgüsü, mənəvi diriliyidir.
   Çıxışlardan sonra məktəblilər ana dilimizə həsr olunan şeirlər, hikmətli kəlamlar söyləyiblər.