19-21 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Dubay Əmirliyinin himayəsi ilə “Global Healthcare Travel Forum”un (Qlobal Sağlıq Turizmi Forumu) növbəti zirvə toplantısı keçirilib. 
   Forumda 30-a yaxın ölkədən 500-dən artıq nümayəndə iştirak edib. Ölkəmizi toplantıda Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) baş koordinatoru Mirağa Seyidov təmsil edib.
   Məlumat üçün qeyd edək ki, Azərbaycan 2013-cü ildən bu qurumda, 2014-cü ildən isə həm də idarə heyətində təmsil olunur. Forumun ilk prezidenti Türkiyə Sağlıq Turizmi Şurasının başqanı Emin Çakmak olub. O, hazırda qurumun fəxri prezidentidir. Təşkilata hazırda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən “Medical Tourism Council”in sədri Leyla Marzouqi rəhbərlik edir.
   Zirvə toplantısının açılış mərasimində BƏƏ şahzadəsi Şeyx Hamdan bin Mohammed bin Raşid Al Maktum və digər hökumət nümayəndələri iştirak edib.
   Açılışdan sonra forum iki gün boyunca stend nümayişləri, panel və B2B görüşlər formatında davam etdirilib. 
   AHTTSA təmsilçisi öz həmkarlarına Azərbaycan sağlamlıq turizmi potensialı (Abşeron, Naftalan, Qalaaltı, Duzdağ, Qəbələ və s.) haqda geniş məlumat verib, qonaqlara turizm potensialını əks etdirən çap və elektron reklam-təbliğat materialları paylanıb. Müzakirə olunan aktual mövzular içərisində sağlamlıq turizminə qlobal baxış, qlobal sağlamlıq turizmi destinasiyaları, təhsil və tədqiqat, sağlamlıq turizmində ölkələrarası əməkdaşlıq, brendinq və marketinq strategiyaları, tibbi turizm barədə məlumatlara daha çox diqqət yetirilib. 
   Dubay Qlobal Sağlamlıq Turizmi Forumu iştirakçıları “Təcrübəni yenidən dərk etmə” sağlamlıq turizmi mövzusu ətrafında müzakirələr aparıblar, turizmdə mədəniyyətlərarası dialoqdan yararlanma məsələlərinə diqqət yetirilib.
   Xatırladaq ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev bu təşkilatın vitse-prezidentidir.
   
   Fariz Hüseynov