Naxçıvan mənəvi istirahət üçün çox gözəl məkandır. Bu diyarın təbiəti, tarixi abidələri və təbii şəfa mənbələri heyrətamizdir, yeməklər isə çox dadlıdır.
   Bu sözləri AZƏRTAC-a müsahibələrində çinli turistlər Jou Li və Li Bouen deyib. Naxçıvana ilk dəfədir gəldiyini bildirən Jou Li qeyd edib ki, Əshabi-Kəhf ziyarətgahı, Naxçıvandakı muzeylər onda xoş təəssürat yaradıb. 
   “Duzla müalicənin mümkünlüyü haqqında ilk dəfə burada, Naxçıvanda eşitdim”, - deyən Li Bouen isə üçgünlük tur proqramı çərçivəsində Naxçıvan şəhəri ilə yaxından tanış olduğunu, qaldıqları hoteldəki yüksək qonaqpərvərlikdən, restoranlardakı səliqə-sahmandan razılığını bildirib.
   Turistlər, həmçinin Naxçıvanın bu il “İslam mədəniyyətinin paytaxtı” olduğunu öyrəndiklərini, qədim memarlıq abidələri haqqında məlumat aldıqlarını, tarixi İpək Yolu üzərindəki əhəmiyyəti və həmçinin müasir inkişafı və xarici iqtisadi əlaqələri haqqında da xeyli informasiya əldə etdiklərini söyləyiblər.
   Səfərin son günündə Naxçıvan şəhərindəki bazardan və marketlərdən alış-veriş edən turistlər yerli istehsal olan şərablara, meyvə qurularına və Naxçıvan duzuna maraq göstərdiklərini bildiriblər.