Atatürkün “İstiqlal” medalı ilə təltif etdiyi Hacı Cabbar Kömək kim olub?
   
   Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “Azərbaycanca Vikipediya”da AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) sistemləşdirilmiş viki-təlimlərinin iştirakçıları tərəfindən o dövrün görkəmli şəxsləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar dəqiqləşdirilir, redaktə edilir və zənginləşdirilir. “Azərbaycanca Vikipediya”da Hacı Cabbar Kömək haqqında məqalə yerləşdirilib.
   1869-cu ildə Şərur rayonunun Yengicə kəndində dünyaya göz açan Hacı Cabbar Türkiyədə istiqlal mübarizəsinin hədəflərinin təsdiqində həlledici rol oynayan Ərzurum konqresində (23 iyul - 7 avqust 1919) Naxçıvan, Şərur, Ordubad, Vedibasar bölgələrinin səlahiyyətli nümayəndəsi olub. Hacı Cabbar Osmanlı dövlətinin Çanaqqala zəfərinə, daha sonra Türkiyənin ordu quruculuğuna verdiyi töhfələrə görə Mustafa Kamal Atatürk tərəfindən “Kömək” ləqəbini alıb. O, 1925-ci ildə bu xidmətlərinə görə “İstiqlal” medalı ilə təltif olunub. Ona Atatürk tərəfindən Ankarada yaşamaq təklif olunsa da, Qarsa köçüb və 1948-ci ildə orada dünyasını dəyişib.